On yeddi yaşadək şahmatçılar arasında onlayn Qran-Pri turniri davam edir
“Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-Pri turniri davam edir.

Aprelin 23-də turnirin beşinci mərhələsinin oyunları keçirilir. Ötən mərhələlərin nəticəsinə görə aktivində 168 Qran-Pri balı olan Şiroğlan Talıbov birinci pillədə qərarlaşıb. Elmar Atakişiyev (138 bal) ikinci, Atilla Eynullayev (80 bal) üçüncü yerləri tuturlar.

Yarış www.chess.com internet portalı üzərindən keçirilir və yeddi mərhələdən ibarətdir. Ümumilikdə 330 şahmatçının iştirakı ilə keçirilən turnirdə milli komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılır (müsabiqədənkənar) və həmin mərhələ o şahmatçının adı ilə adlanır. Bugünkü yarışda Türkan Məmmədyarova mübarizə aparır.
Aprelin 26-da başa çatacaq turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədi daşıyır.
Turnirin ümumi mükafat fondu 1000 manat təşkil edir.


Xəbər 626 dəfə oxundu.