"Hamımızın sevimlisi"
Boks üzrə SSRİ idman ustası Paşa Əmirovun ünvanına deyilmiş bu iki söz ötən əsrin 70-80- ci illərində "İdman"-"Sport" qəzetlərində həmkarımız olmuş, bir müddət də "Sovetski sport"un Azərbaycan üzrə xüsusi müxbiri vəzifəsində çalışmış Raqif (çoxları onu Rafiq kimi tanıyırdı) Sədrəddinovun qələmindən çıxıb. Lakin həmin redaksiyada idmanın tətbiqi növləri (boks, güləş və ağırlıqqaldırma) şöbəsinə rəhbərlik etmiş Paşa müəllimi tanıyanların hamısı bu gün də Raqifin sözlərinə ürəkdən şərik çıxardı...

R. Sədrəddinov 1992-ci il aprelin 30- da çapdan çıxmış qəzetimizin 6 000- ci nömrəsi münasibətilə redaksiya kollektivini təbrik edərkən Paşa müəllimi xüsusi qeyd etmişdi:- Həmin səhər respublika stadionunda mənim bir çox həmkarım üçün günün qəhrəmanı ilk beynəlxalq yüngül atletika yarışlarının iştirakçıları yox, hamımızın sevimlisi, duzlu-məzəli söhbətləri ilə qəlbimizi fəth etmiş Paşa Əmirov oldu.

Keçmişdə məşhur boksçu, təcrübəli jurnalist P. Əmirov redaksiyanın tapşırığı ilə 200 metr məsafəyə final qaçışının qalibindən müsahibə almalı idi. Müsahibə qəzetdə dərc olundu, amma jurnalistin çempionla söhbəti onu bir daha xatırlamağa layiqdir.

Əmirov çempion olandan sonra da hələ qaçışı davam etdirən qalibə güclə çataraq ona suallar verməyə başladı. Sprinter isə belə cavab verdi: "Bura bax, sən məni lap təngə gətirdin, qoy bir nəfəsimi dərim!". "Doğrudanmı, yorulmusan?"- deyə, Paşa təəccübləndi.- Vur-tut 200 metr məsafəyə qaçmısan. Amma heç danışa bilmirsən, özün də çempionsan...".

P. Əmirov işdə ciddi nizam- intizamı ilə fərqlənirdi, boks, güləş, ağır atletikanın incəliklərinə dərindən bələd idi, onların, necə deyərlər, cikini də bilirdi, bikini də. Bu növlərə aid bütün yazıları əsl peşəkar dəst- xəttində idi. Başqa növlərdən nadir hallarda, yalnız redaksiya rəhbərliyi nəsə xüsusi bir tapşırıq verəndə yazardı.

Həmkarımız redaksiyadan uzaqda- Əmircan qəsəbəsində yaşasa da, işə gecikdiyini görməzdin, əksinə, çoxlarımızdan tez gələrdi. O, dəfələrlə rinqi boks üzrə Azərbaycan çempionu kimi tərk etmiş, idmanda və jurnalistikada uğurlu fəaliyyətinə görə SSRİ idman ustası, Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi adlarına layiq görülmüşdü. Bir sözlə, 1968- ci il iyulun 1- də "İdman" ın işçisi olduğum gündən Bakının mərkəzində, keçmiş "Nərgiz" kafesi yaxınlığında yerləşən redaksiyada Paşa müəllimlə eyni bir otaqda çalışan əməkdaş kimi onun həqiqətən, təkcə jurnalistlərin deyil, boks, güləş, ağırlıqqaldırma ustalarının və idman ictimaiyyətinin digər nümayəndələrinin sevimlisi olduğunu aydın hiss etmişdim.

Elə P. Əmirovu çox yaxından tanıyan, həmin uzaq illərdə onunla birlikdə rinqə çıxan, hazırda isə ölkə Boks Federasiyasının birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev də yazılarından birində mərhum həmkarımızı xoş sözlərlə xatırlamışdır: "O zamanlar qəzetdə boksdan Paşa Əmirov yazırdı. O özü də boksçu olduğundan- boks üzrə idman ustası idi- bu sahəni çox gözəl bilirdi. Paşa müəllimin yazdığı məqalələri, reportajları maraqla oxuyurdum".

...Fotomüxbirimiz Gennadi Malyovun iş otağımızda çəkdiyi şəkildə sağdan ikinci Paşa Əmirovdur. Digər üç nəfər isə (soldan sağa) bu sətrlərin müəllifi, eləcə də daha çox "Kəndimizin qayğıları" və "Bədən tərbiyəsi kollektivlərində" rubrikaları altında dərc etdirdiyi yazılarla yadda qalmış Faiq Əliyev və redaksiyamıza Milli Ensiklopediya Mərkəzindən gələn, " İdman" dan isə birbaşa AzərTAC- ın baş direktor müavini vəzifəsinə yüksələn Elman Cəfərlidir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

23.04.2020

Xəbər 1038 dəfə oxundu.