Məşhur tennisçilər ATP ilə WTA-nı bir qurumda birləşməyə çağırıblar
Məşhur isveçrəli raketka ustası Rocer Federer Peşəkar Tennisçilər Assosiasiya (ATP) ilə Qadın Tennisi Assosiasiyasını (WTA) bir qurumda birləşməyə çağırıb.

“Pekin-2008” Yay Olimpiya Oyunlarının qalibi artıq birləşməyin vaxtının çatdığını deyib. Bildirib ki, bu iki təşkilat azarkeşlərdə çaşqınlıq yaradır. Çünki hər iki təşkilatın öz loqosu, reytinq sistemi və fərqli kateqoriyalar üzrə yarışları var. Koronavirus pandemiyasının hökm sürdüyü bir dövrdə birləşmə mütləqdir. Böhran dövründə iki zəifləmiş qurumun fəaliyyətindənsə, bir güclü təşkilatın olması vacibdir.

Dünya reytinqində ikinci pillədə qərarlaşan ispaniyalı tennisçi Rafael Nadal həmkarının fikirlərini dəstəkləyib.

Qeyd edək ki, ATP 1972-ci ildə, WTA isə 1 il sonra yaradılıb. Bir müddət əvvəl hər iki qurum koronavirus pandemiyasına görə iyulun 13-dək bütün turnirləri dayandırıblar.

AZƏRTAC

Xəbər 785 dəfə oxundu.