Karlsen və Nakamuranın erkən qələbələri
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirinin üçüncü turunda ilk günün oyunları keçirilib.

Azsport.az saytı xəbər verir ki, bu gün keçirilən hər iki qarşılaşmada qaliblər üstünlüklərini vaxtından əvvəl müəyyən ediblər. ABŞ idmançısı Fabiano Karuana ilə qarşılaşan norveçli Maqnus Karlsen ilk iki partiyada qələbədən sonra bir heç-heçə də edərək, görüşün taleyini son partiyaya saxlamadı.

4-cü partiyadakı heç-heçə sadəcə qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi – 3:1. Digər ABŞ nümayəndəsi Hikaru Nakamura isə turnirdə hələ ki, özünü göstərə bilməyən FİDE təmsilçisi Əlirza Firuzcanı 3 partiyaya məğlub duruma saldı – 2,5:0,5. Burada da yalnız hesabı müəyyənləşdirən son partiyanı da qalib başa vuran Nakamuranın qələbə hesabı 3,5:0,5 oldu. Hər iki cütlükdə qaliblər 3 xal aldılar, məğlublar əliboş qaldılar.

Hazırkı durumda Karlsen 8 xala malikdir. Nakamura 7 xalla ikinci pillədədir. Karuananın 5, Vaşye-Laqrav və Lirenin 4, Nepomnyaşinin 2 xalı var. Firuzca və Giri hələ ki, xalsızdırlar.

Sabah üçüncü turun son oyunlarında fransalı Maksim Vaşye-Laqrav çinli Dinq Lirenlə, niderlandlı Aniş Giri isə rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.

Xəbər 613 dəfə oxundu.