Formula 1: Barselonada yürüşləri tamaşaçısız keçirməyə hazırdırlar
Mayın 10-da keçirilməsi nəzərdə tutulmuş İspaniya Qran-Prisi təxirə salınıb, amma Barselona avtodromunun sahibləri Formula 1 yarışlarının yeni təqviminə uyğunlaşmağa və yürüşləri tamaşaçısız keçirməyə hazırdırlar.

“Circuit de Barcelona-Catalunya” trasının direktoru Xoan Fontsere deyib: “Biz müxtəlif variantları müzakirə etdik. İndi iki ssenari – mövsümün yayda və ya sentyabrda başlanması variantları üzərində iş gedir. Bizdən soruşdular ki, mərhələni yayda, bağlı qapılar arxasında keçirməyə hazırıqmı? Biz müsbət cavab verdik.

Bu, bir tərəfdən - yarışları cari ildə qəbul etməyə, digər tərəfdən – 2021-ci ildə Qran-Pri haqqında danışıqlar zamanı (Barselonanın 2021-ci il üçün müqaviləsi yoxdur) özümüzü daha inamlı aparmağa imkan verəcək. Tam hazırlaşmaq üçün bizə iki-üç həftə lazım olacaq, axı bizim stasionar trasımız var, həm də bilet satmaq lazım deyildir.

Əgər yarışlar bağlı qapılar arxasında keçirilsə, promouter biletlərin satışından pul almayacaq, ona görə Formula 1 ilə qüvvədə olan müqavilə işləməyəcək. Hələlik bütün detalları bizə bildirməyiblər, amma görünür ki, bu dəfə şərtlər fərqli olacaq.

Əks istiqamətdə yarışlar? Barselonada bu, təhlükəsizlikə problemlərinə görə mümkün deyil. Dünyada yarışları müxtəlif istiqamətlərdə keçirmək üçün hazırlanmış yolların sayı çox deyil. Bizim tras onların sırasına aid deyil”.

Xəbər 630 dəfə oxundu.