BOK: Yaponiya Olimpiadanın Tokioda keçirilməsi ilə əlaqədar əlavə xərcləri ödəyəcək
Yaponiya Olimpiadanın Tokioda keçirilməsi ilə əlaqədar əlavə xərcləri ödəyəcəyini bildirib.

“Azsport.az” saytı “TASS” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe Yaponiya tərəfinin koronavirus pandemiyası səbəbindən Tokioda keçiriləcək Olimpiya Oyunlarının başqa tarixə keçirilməsi ilə əlaqədar əlavə xərcləri ödəyəcəyini təsdiqləyib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bazar ertəsi yaydığı bəyanatda bildirilir.

"Oyunlar insanların sağlamlığının qorunması naminə təxirə salınıb. İndi BOK, oyunların təxirə salınması ilə əlaqədar yaranan bütün problemləri, o cümlədən maliyyə çətinliklərini qiymətləndirəcək. Baş nazir Ş.Abe 2020-ci il üçün bağlanan müqavilənin şərtlərinə uyğun olaraq Yaponiyanın əlavə xərcləri ödəyəcəyini vurğulayıb. BOK da xərclərdəki payına görə məsuliyyət daşımalıdır. Belə ki, əlavə xərclər bir neçə yüz milyon dollar təşkil edir”, - deyə Təşkilat Komitəsinin açıqlamasında bildirilir.

BOK-un hesabatını şərh edən Tokionun qubernatoru Yuriko Koike jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya hökuməti, paytaxt hakimiyyəti və Oyunların Təşkilat Komitəsi olimpiadanın təxirə salınması xərclərinin ödənilməsi məsələsini diqqətlə araşdırmaqda davam edəcək.

Qeyd edək ki,Tokioda Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən bir il təxirə salınaraq iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılıb.

Bəsti Sabirqızı


Xəbər 682 dəfə oxundu.