Karlsen qisasını 6 gün sonra aldı
6 gün öncə dünya çempionu Maqnus Karlseni onlayn turnirin finalında üstələyərək aləmə səs salan 16 yaşlı Əlirza Firuzca bu gün eyni uğuru təkrarlaya bilməyib. Norveçli çempion 6 gün öncəki məğlubiyyətin əvəzini özünün keçirdiyi onlayn turnirdə çıxıb.

Azsport.az saytı xəbər verir ki, turnirin ikinci turunda Karlsen FİDE təmsilçisi olan iranlıya 2,5:1,5 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada ABŞ idmançısı Hikaru Nakamura niderlandlı Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Hər iki görüşdən qaliblər turnir cədvəlində öz hesablarına 3 xal ayırıblar, məğlublar isə əliboş qalıblar.

2-ci turun digər qarşılaşmaları sabah keçiriləcək. Rusiyalı Yan Nepomnyaşi fransalı Maksim Vaşye Laqravla, çinli Dinq Liren ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaqlar.

Hazırda Karlsen 5 xalla öndədir. Nakamura 4 xalla 2-cidir. İlk görüşdə qalib gəlmiş Vaşye-Laqrav, Liren və Karuana sabahkı görüşləri ərəfəsində 3 xala malikdirlər. Nepomnyaşi, Firuzca və Giri hələ ki, xalsızdırlar.

Xəbər 708 dəfə oxundu.