Formula 1 Avstriya Qran-Prisi azarkeşsiz keçiriləcək
İyulun 5-nə planlaşdırılan Formula 1 Avstriya Qran-Prisi azarkeşsiz təşkil olunacaq.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri “Red Bull Racing” komandasının idman məsləhətçisi Helmut Marko deyib. O, bildirib ki, yürüşün keçirilməsinə 3 ay qalmasına baxmayaraq, Qran-Prinin taleyi ilə bağlı müəyyən suallar yaranıb.

“Təşkilatçılar bütün önləyici tədbirləri həyata keçirirlər. Yürüşün artıq azarkeşsiz təşkil olunması müəyyənləşib. Avstriyanın idman naziri Verner Koqler də bu barədə qərarı təsdiqləyib. Nazir bildirib ki, yarışda iştirak edənlər koronavirus pandemiyası ilə əlaqəli bütün təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər,"-deyə, Marko əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilməyib. Belə ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Vyetnam, Bəhreyn, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb.


Aynurə PƏNAHQIZI

Xəbər 678 dəfə oxundu.