Bu gün ölkə çempionatı keçiriləcək
Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin şahmatsevərlər üçün xüsusi karantin rejimi günlərində hazırladığı onlayn layihə əsasında bu gün chess24.com şahmat platforması üzərindən şahmatın bullet növü (sürətli şahmat) üzrə ilk Azərbaycan çempionatı keçiriləcək.

Azsport.az bildirir ki, ölkə birinciliyində iştirak etmək üçün qeydiyyatdan keçmiş 107 şahmatçıdan 16-sı qrossmeyster, 6-sı qadınlar arasında qrossmeyster və 20-si beynəlxalq ustadır. Bu sırada Qədir Hüseynov, Nicat Abbasov, Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, Aydın Süleymanlı kimi şahmatçıların adları var.

Oyunlarda vaxt nəzarəti 1 dəqiqə+hər gedişə 1 saniyə olacaq.
Qeyd edək ki, bu yarış ölkədə koronavirus pandemiyası üzündən elan olunan xüsusi karantin rejimi vaxtı ilk rəsmi idman yarışı olacaq. Yarışın mükafat fondu 15 000 manat təşkil edir.

Azərbaycan Çempionatı televiziya vasitəsilə canlı yayımlanacaq. Saat 19:00-da start götürəcək ölkə birinciliyi Chess24.com şahmat platforması ilə yanaşı "İdman Tv" televizyası vasitəsilə canlı yayımlanacaq. Yayımın aparıcısı Anar Allahverdiyev olacaq.

Xəbər 582 dəfə oxundu.