Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun başlatdığı qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edərək, Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkürünü bildirib.

Paylaşımda deyilir: “Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Hamıya möhkəm cansağlığı arzulayıram. Qoy, xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”.

Azsport.az saytı xəbər verir ki, könüllü qanvermə aksiyasına qoşulan 27 təşkilat sırasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Jurnalistləri Federasiyasının da adları var.

Xatırladaq ki, aprelin 15-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Gənclər və İdman naziri Azad Rəhimovun, Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan İdman Jurnalistləri Federasiyasının nümayəndələri də qoşulublar. Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda təşkil edilən qanvermə aksiyasında ümumilikdə 150-dən çox insan iştirak edib.

Xəbər 5835 dəfə oxundu.