Musahibe
- Raul müəllim, əvvəlcə “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil RİM”) şahmat bölmələri ilə bağlı məlumat verərdiniz.

- “Təhsil” RİM Təhsil Nazirliyinin idman siyasətini həyata keçirən qurumdur. Tabeçiliyində şahmat da daxil olmaqla 29 bölmə var. Hazırda ölkənin, ümumilikdə 58 məktəbində şahmat bölməsi fəaliyyət göstərir. Bu məktəblərdən üçü Bakıdadır. Ümumilikdə şahmat bölmələrində 965 müəllim çalışır.

- İdman ocağının təmsilçilərinin nailiyyətləri ilə bağlı nə deyə bilərsiniz?

- “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları bu günə qədər bir çox ölkədaxili və beynəlxalq yarışda uğurla çıxış ediblər. Hər il yaş qrupları üzrə respublika birinciliyi keçirilir və həmin qaliblər ölkəmizi məktəblilərin dünya və Avropa çempionatlarında təmsil edirlər. Son illər əldə edilmiş uğurlara nəzər salsaq, bu nəticələrin yüksək olduğunu görərik. Belə ki, 2017-ci ildə Rumıniyada məktəblilərin dünya çempionatında şahmatçılarımız 4 medal, Monteneqroda Avropa çempionatında 6 medal qazanıblar. Komandamız 2018-ci il Albaniyanın Durres şəhərində məktəblilərin dünya çempionatında 1 qızıl, 2 gümüş, və 1 bürünc medal, 2019-cu ildə analoji yarışda isə 1 gümüş medal qazanıb. Bu il aprelin 2-12-də Yunanıstanın Krit adasında keçirilməli olan məktəblilərin dünya çempionatında komandamızın iştirakı planlaşdırılmışdı. Təəssüf ki, pandemiya səbəbindən həmin yarışlar qeyri-müəyyən müddətə təxirə salınıb. Yarışın tarixi müəyyən edildikdən sonra həmin yarışda iştirak edəcəyik. “Təhsil” RİM-in yetirmələrindən Aydın Süleymanlının uğurlarını xüsusi qeyd etmək istəyirəm. Ötən il 14 yaşlılar arasında dünya çempionu olan istedadlı şahmatçı bu il Moskvada keçirilmiş nüfuzlu “Aeroflot Open”nin qalibi olub. O, bu qələbəsi ilə bütün dünyaya səs saldı. İdman ocağının yetirmələri Xanım Balacayeva və Günay Məmmədzadə keçən il Avropa çempionatında qadın yığmamızın tərkibində uğurla çıxış ediblər.

- Bu gün internet üzərindən şahmat üzrə birinci Azərbaycan kubokunda “Təhsil” RİM-in təmsilçiləri də iştirak edirlər. Onlardan hansı nəticələri gözləyirsiniz?

- Bu, çox güclü bir turnirdir. Yarışda Azərbaycanın aparıcı şahmatçıları da iştirak edəcəklər. Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər.

- Bu günlərdə “Təhsil” RİM-in təşkilatçılığı ilə şahmat üzrə 17 yaşadək idmançılar arasında onlayn respublika birinciliyi keçirilib. Nəticələr size qane etdimi?

- Aprelin 5-də sürətli şahmat üzrə 17 yaşadək idmançılar arasında təşkil edilmiş onlayn respublika birinciliyi, demək olar ki, bütün regionları əhatə edib. Turnirdə 389 iştirakçı mübarizə aparırdı. Yekun nəticələrə görə, müxtəlif yaş qruplarında oğlanlar arasında Büsət Cəfərli, Yusif Babayev, Kənan İsbatov, Əhmədağa Həşimov, Ümid Aslanov, İsmayıl Qurbanov birinci yeri tutublar. Qızlar arasında isə Əsnad Baxışzadə, Nəzrin Abdullayeva, Zəhra Məmmədli, Leyla Budaqova, Cəmilə Paşayeva, Zeynəb İsmayılzadə qalib olublar. Ümumi hesabda Müthət Gülümov, Şiroğlan Talıbov, Cahandar Azadəliyev ilk üçlükdə qərarlaşıblar. Yarış şahmatçılarımızın potensialını üzə çıxardı. Turnir vasitəsilə yeni adlar üzə çıxdı. Şübhəsiz, bu şahmatçılar da bundan sonra diqqət mərkəzində olacaqlar.

- Qarşıdakı yarışlarla bağlı nə deyə bilrsiniz?

- Aprelin 19-dan 26-dək “Təhsil” RİM-in 17 yaşadək şahmatçıları arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək. Turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədilə keçirilir. Qran-Pri yarışları 7 mərhələdən ibarət olacaq. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar isveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaqdır. Oyuna nəzarət vaxtı 3 dəqiqədir. Seçmə mərhələlərin hər birində yığma komandalarımızın 3 qadın, 3 kişi üzvlərindən biri fəxri qonaq kimi iştirak edəcək. Fəxri qonaqlar Eldar Səfərli, Namiq Quliyev, Rauf Məmmədov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədovadır. Yekunda onların nəticələri müsabiqədən kənar heab olunacaq. Belə ki, fəxri qonaqlardan kimsə birinci yerə çıxsa, ikinci yeri tutan şahmatçı qalib hesab olunacaq. Lakin onlardan alınacaq xal şahmatçıya əlavə Qran-Pri balı qazandıracaq. Qran-Prinin sonuncu – final mərhələsi seçmə mərhələlərdən seçilmiş 15 şahmatçı və təşkilatçı tərəfindən birbaşa finala vəsiqə verilən Aydın Süleymanlı arasında keçiriləcək. Final mərhələsində şahmatçılar oyunlarını kamera qarşısında keçirəcəklər. Fəxri qonaqlar öz oynadıqları oyunları canlı olaraq təhlil edəcəklər, bu da uşaqlar üçün master-klass deməkdir.

Müsahibəni apardı: Bəsti Sabirqızı


Xəbər 709 dəfə oxundu.