İdman fotoqrafı koronavirusdan dünyasını dəyişdi
“Nyu York Post” qəzetinin idman fotomüxbiri Əntoni Kauzi koronavirus (COVID-19) infeksiyasından 48 yaşında dünyasını dəyişib. 5 və 2 yaşlı iki övladı olan Kauzi idman dünyasının ən tanınmış fotoqraflarından idi.

O, 1994-cü ildən doğma şəhəri Nyu Yorkda keçirilən idman yarışlarının fotoobyektivinin baxışı ilə həyat verən əsas simalardan hesab olunurdu. Onun barəsində yazılmış sərlövhələrdən birində “Gözümüzün, ürəyimizin və şəhərimizin itkisi” deyilir.

Kauzi mart ayının 22-də xəstəxanaya yerləşdirilmişdi.
Həmin günlərdə o instaqram səhifəsində xəstəxanadan selfi paylaşaraq, “Heç vaxt inanmazdım ki, belə bir vəziyyətə düşə bilərəm. Elə zənn edirdim, basılmazam. Əgər buradan çıxa bilsəm... Söz verirəm, dünya başına nə gəldiyini bilməyəcək”, deyə yazmışdı.
“Post”un baş redaktoru Stefen Linç onun haqqında yazır: “Kauzi həmkar, dost və qızıl dəyərli idi, - deyə sözə başlayan Linç xatirəsini belə bitirir, - Sakit təbiətli, məzəli, amma ən vacibi, mərhəmətli idi – onu, fotoda əbədiləşdirdiyi hər bir şəxs sevirdi, onunla hər bir həmkarı fəxr edirdi”.

Onun haqqında sosial şəbəkələrdə məşhurların ifadələri səmimi olduğu qədər də bir etirafa bənzəyir. Nyu York həqiqi qəhrəmanlarından birini, tarixini əbədiləşdirənini itirib.

Xəbər 696 dəfə oxundu.