Olimpiya həmrəyliyi proqramı şanslılara dəstəkdir
Bir neçə gün bundan əvvəl məlum oldu ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq olimpiya həmrəyliyi proqramı çərçivəsində güləşin 53 sərbəst, 39 yunan-Roma növünün təmsilçisinin və 36 qadın güləşçinin xüsusi təqaüdlə təminatını “Tokio-2020”-nin startına qədər davam etdirəcək. Bu sıraya 5 Azərbaycan güləşçisi də daxildir. Bunlar sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, yunan-Roma növü üzrə dünya çempionu Rəsul Çunayev, 3 olimpiya oyunlarının mükafatçısı, dünya çempionu, 7 dəfə Avropa çempionatının və 2 Avropa Oyunlarının qalibi Mariya Stadnik, Avropa çempionatının üçqat bürünc mükafatçısı Alyona Kolesnik və IV İslam Oyunlarının qızıl medalçısı Leyla Qurbanovadır.

Bu yardım lisenziya qazanmaq potensialı olan idmançılara olimpiadalararası dövrün ikinci ilindən başlayaraq verilir. Builki Tokio Olimpiadası koronavirus pandemiyası ilə əlaqədar olaraq təxirə salındıqdan sonra, yardımın verilmə müddəti uzadılıb.
Milli olimpiya komitələrinə yardım məqsədilə yaradılan Olimpiya Həmrəyliyi Fondu 50 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun çoxsaylı və müxtəlif məzmunlu proqramlarının başlıca məqsədi idmançıların inkişafı, məşqçilərin və idman sahəsində çalışan inzibatçı kadrların hazırlığı, eləcə də olimpiya dəyərlərinin daha geniş surətdə təbliği istiqamətinə yönəlib.

Hazırda BOK olimpiya yarışlarının yayımlanması üçün televiziya şirkətlərindən daxil olan vəsaitin üçdən bir hissəsini milli olimpiya komitələri arasında paylayır. Bu, olimpiya prinsiplərinin inkişafına əsaslı şəkildə verilən maddi dəstəkdir.

Olimpiya həmrəyliyi fondu öz fəaliyyətinədə olimpizmin əsas prinsiplərini rəhbər tutur. Olimpizm ideyası həyat fəlsəfəsinin idmandakı təcəssümüdür. Bu ideyanın məqsədi dünyanı idman vaitəsilə gözəlləşdirməkdən ibarətdir. Onun reallaşdırılma sistemi 3 əsas dayaq üzərində təşəkkül tapıb: olimpiya hərəkatının ali orqanı olan Beynəlxalq Olimpiya Komitəsi, olimpiya prinsiplərini öz ölkələrində inkişaf etdirən, təbliğ edən milli olimpiya komitələri və yerli idman federasiyaları. Olimpiya həmrəyliyi proqramı Milli Olimpiya Komitələri Assosiasiyası və beynəlxalq federasiyalarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir və Azərbaycanın Milli Olimpiya Komitəsi bu prosesin fəal iştirakçıları kimi tanınıb. Milli Olimpiya Komitələri Assosasiyasının 2016-cı ildə Praqada keçirilən XXII Baş Asambleyasında BOK hazırkı olimpiya dövrü, 2017-2020-ci illər, üçün Olimpiya həmrəyliyi fondunun yeni proqramını təqdim edib. Proqramda ən böyük yenilik Olimpiya Həmrəyliyi Fonduna sifarişlərin onlayn sistemi ilə verilməsi olub.

Fondunun maliyyə imkanları ildən-ilə genişlənir. Bu isə o deməkdir ki, idmançıların, milli komandaların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün olimpiya komitələrinə daha möhkəm zəmin yaranır, “Tokio -2020”-nin iştirakçılarını və məşqçiləri olimpiya təqaüdü ilə təmin etmək , məşqçilər üçün texniki kursların təşkili kimi proqlamların sayını artırmaq mümkün olur. Bütün layihələrin nəticələrinə BOK və milli olimpiya komitələri və beynəlxalq federasiyalar tərəfindən nəzarət edilir.

İdmançının ən böyük arzusu olimpiya uğuruna nail olmaqdır. Hər bir idmançının bu şansa haqqı var. Olimpiya həmrəyliyi proqramının da əsas məramı onlara kömək etməkdir.



Xəbər 684 dəfə oxundu.