Karlsenin onlayn turnirinin dəqiq tərkibi bilindi
Aprelin 18-də dünya çempionu Maqnus Karlsenin dəvəti ilə start götürəcək onlayn şahmat turnirinin tərkibi müəyyənləşib.

Azsport.az saytı xəbər verir ki, norveçli şahmatçı ilk olaraq lideri olduğu dünya reytinqində özündən sonrakı 7 şahmatçını dəvət etmişdisə, yarışın yekun siyahısında onlardan yalnız ilk 5-liyə daxil 4 şahmatçı – Fabiano Karuana (ABŞ), Din Liren (Çin), Yan Nepomnyaşiy (Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) daxil olub. Reytinq siyahısında 6-8-ci yerlərdə olan Aleksandr Qrişşuk, Levon Aronyan və Uesli So yarışa qatılmayacaqlar. Onların əvəzinə reytinq siyahısında 10-cu olan Aniş Giri (Niderland), əsas reytinqdə 18-ci olsa da, dünyanın blits reytinqinin birincisi Hikaru Nakamura (ABŞ) və planetin 20-yaşadək gənc şahmatçılarının reytinq birincisi (ümumi reytinqdə 21-ci), FİDE bayrağı altında çıxış edən və hazırda Parisdə yaşayan iranlı Əlirza Firuzca turnirdə iştirak edəcəklər.

Mayın 3-dək davam edəcək turnirdə 8 şahmatçı əvvəlcə dairəvi sistem üzrə yarışacaq, daha sonra 4 ən yaxşı yarımfinala çıxacaq. 250 min dollarlıq mükafat fondundan 70 min qalibə çatacaq. Ən az qazanan isə 15 min dollara sahib olacaq.

Xəbər 555 dəfə oxundu.