UEFA: Azərbaycan futbol azarkeşlərinin üzünə təbəssüm gətirdi
Bu gün koronavirus pandemiyası (COVID-19) dünyanın demək olar bütün ölkələrində yayılıb. Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əhalinin sağlamlığı, həmçinin virusun yayılmasının qarşısının alınması məqsədilə sosial özünütəcrid qaydaları tətbiq edilir. COVID-19 insan sağlamlığı üçün real təhlükə olmaqla yanaşı, gətirdiyi məhdudiyyətlərlə başda iqtisadiyyat olmaqla dünyada bir çox sahəyə ciddi ziyan vurub.

Koronavirus pandemiyasının ziyan vurduğu sahələr arasında idman da yer alır. Artıq 2020-ci ildə təşkilinə milyonlarla pul xərclənmiş bir çox nüfuzlu idman turnirləri ya təxirə salınıb, ya da ümumiyyətlə ləğv olunub. Hər il bir mərhələsi Bakıda təşkil olunan Formula 1, həmçinin 4 oyunu paytaxtımızda keçirilməsi nəzərdə tutulan 2020-ci ildə futbol üzrə Avropa çempionatı təxirə salınan yarışlar sırasındadır.

Futbol idman növləri arasında ən çox ziyan görən sahələrdəndir desək, yəqin ki, yanılmarıq. Yuxarıda qeyd etdiyimiz kimi, dörd oyununun paytaxtımızda keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatı gələn ilə keçirilib. Hər il milyonlarla futbol azarkeşinin yaxından izlədiyi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqası, həmçinin Avropa Liqası kimi yarışlar da qeyri-müəyyən tarixə ertələnib.

Dünya futbolsevərlərinin sevimli idman növündən ayrı qaldığı bir zamanda, UEFA rəsmi veb-səhifəsində üzvü olan ölkələrdə koronavirus pandemiyası ilə mübarizə ilə bağlı yazı paylaşıb. “Avropa futbolu COVID-19 virusuna qarşı birləşdi” başlıqlı yazıda ölkəmizə də yer verilib. Belə ki, Avropanın ali futbol qurumu yazının Azərbaycana həsr olunmuş hissəsində Peşəkar Futbol Liqasının rəsmi “Instagram” səhifəsindəki paylaşımdan, həmçinin Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” futbol klubunun Koronavirusla Mübarizə Fonduna yardımı və çəkdiyi dəstək videosundan http://shorturl.at/bgp39 bəhs edib.
“Azərbaycan Peşəkar Futbol Liqası evdə qalan futbolsevərlərin və onların ailələrinin əhval-ruhiyyəsini qaldırmaq üçün “Instagram” səhifəsində yerli çempionatın oyunlarından əyləncəli fotolar paylaşıb. “Sabah” futbol klubunun oyunçuları, məşqçilər heyəti və işçiləri isə Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək üçün öz aralarında 25 min avrodan çox pul yığıblar. Həmin klub COVID-19 xəstələrini müalicə etmək üçün gecə-gündüz çalışan həkim və tibb bacılarına dəstək xarakterli video da hazırlayıb”, - deyə yazıda bildirilir.

Bu gün bütün dünya koronavirus pandemiyasına qarşı birləşib. Ölkəmizdə də bu virusla mübarizə ən yüksək səviyyədə davam edir. Belə bir məqamda futbol klubunun Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat dəyərində yardım etməsi təqdirəlayiq haldır. Bu hadisənin UEFA-nın rəsmi səhifəsində yer alması isə ölkə futbolu adına qürurvericidir.
Yazı ilə UEFA-nın rəsmi veb-səhifəsindəki link vasitəsilə tanış olmaq mümkündür.

Xəbər 528 dəfə oxundu.