Kosmosda şahmatın 50 illiyində
Aprelin 12-si Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. Bu əlamətdar tarixdən bir neçə gün sonra – aprelin 18-də Rusiyanın “Roskosmos" dövlət şirkəti Rusiya Şahmat Federasiyası və Moskva kosmonavtika muzeyi ilə birgə şahmat üzrə açıq internet-turnirinə start verəcək.

Azsport.az xəbər verir ki, bu turnir Ümumdünya Aviasiya və Kosmonavtika Gününə deyil, iki ay sonra – iyunun 9-da 50-illiyi qeyd ediləcək bir əlamətdar hadisəyə həsr edilib.

1970-ci il iyunun 9-da Kosmos – Yer şahmat matçı keçirilmişdi. Kosmos komandasını “Soyuz-9" kosmik gəmisinin heyət üzvləri – təyyarəçi kosmonavtlar Andrian Nikolayev və Vitali Sevastyanov təmsil edirdilər. Yer komandasının təmsilçiləri isə sovet kosmonavtlarının hazırlıq rəhbəri general-polkovnik Nikolay Kamanin və təyyarəçi kosmonavt Viktor Qorbatko idi. Partiya heyətin istirahət günündə oynanılmışdı və 6 saat davam etmişdi. Bu müddətdə kosmik gəmi yeri 4 dəfə dövr etmişdi. Əlaqə radio vasitəsi ilə qurulmuşdu. Gediş mübadiləsi kosmik gəminin SSRİ ərazisi üzərindən keçdiyi zaman həyata keçirilirdi. Oyun üçün çəkisizlik şəratinə uyğunlaşdırılmış şahmat konsturksiyasından istifadə edilmişdi. Lövhədə fiqurları xanalar arasındakı yarıqlar yolu ilə aparmaq olurdu. Biologiya elmləri namizədi M.Klevtsovun hazırladığı şahmat lövhəsi hazırda Moskvada Mərkəzi şahmat klubunun muzeyində saxlanılır. Həmin matçın bütün iştirakçıları SSRİ Mərkəzi şahmat klubunun üzvlüyünə qəbul edilmişdi.

İndi isə həmin hadisədən 50 il sonra Beynəlxalq kosmik stansiyada olan kosmonavt Anatoliy İvanişinlə beynəlxalq qrossmeyster arasında matça hazırlıq aparılır. İvanişin dünən “Soyuz MS-16” kosmik gəmisi ilə kosmosa yola düşüb. “Kosmos - Yer” matçına qatılmaq üçün aprelin 18-də start götürəcək seçmə internet-turnirinin qalibi olmaq lazımdır. Turnir iki kateqoriyada keçiriləcək – 18 yaşadək olanlar və böyüklər arasında baş tutacaq.

Xəbər 649 dəfə oxundu.