Tayfur Əliyev: Tokio Yay Olimpiya Oyunlarının təxirə salınması çox yaxşı oldu
Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyası səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunları təxirə salındı. Olimpiadaya lisenziya qazanan idmançılarımızdan biri də boksçumuz Tayfur Əliyevdir. O, bu uğura Böyük Britaniyanın paytaxtı Londonda keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirində nail olub. İdmançımızın azsport.az saytına verdiyi müsahibəsini təqdim edirik.

- Karyeranızda ilk dəfə Olimpiadaya lisenziya qazandınız. Təəssüratlarınız necədir?

- Olimpiadaya ilk dəfə lisenziya qazandığım üçün çox sevinirəm. Bildiyimiz kimi, Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının arzusudur. Təəssüf ki, 2016-cı ildə Rio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməmişdim. Bu dəfə Oyunlara vəsiqə əldə edə bildim. Uşaqlıqdan Tokio şəhəri çox xoşuma gəlib. Olimpiadanın da məhz orada keçirilməsi məni ikiqat sevindirir.

- Bildiyimiz kimi, koronavirus infeksiyası ilə əlaqədar olaraq lisenziya qazandığınız turnir yarımçıq dayandırıldı. Yarış hansı səviyyədə təşkil olunmuşdu?

- Düşünürəm ki, bu dəfə döyüşlər çox düzgün keçirildi. Boksçunun hansı ölkədən olmasının hakimlər üçün heç bir fərqi yox idi, hamıya eyni gözlə baxırdılar. Yarış təşkilatçılığı bu baxımdan çox yaxşı idi. Neçə illərdir ki, boksda qeyri-obyektivlik mövcud idi. Amma bu dəfə hər şey fərqli oldu, hakimlər çox düzgün və ədalətli qərarlar verirdi. Bu turnirə çox ciddi hazırlaşmışdım. Bütün rəqiblərimin görüşlərinə diqqətlə baxmışdım. Onların zəif və güclü tərəflərini analiz etmişdim. Əldə etdiyim məlumatlardan rinqdə istifadə etməklə, istəyimə nail oldum. Hələlik Avropa Olimpiya təsnifat turniri koronavirus səbəbindən müvəqqəti olaraq təxirə salınıb, başlayandan sonra komanda yoldaşlarımla bu yarışda yenidən mübarizə aparacağıq.

- Məlumdur ki, “Tokio 2020” olimpiadası da təxirə salındı. Bu qədər əziyyətdən sonra Olimpiadanın təxirə salınmasını necə qarşıladınız?

- Hesab edirəm ki, Beynəlxalq Olimpiya Komitəsi ən düzgün addımı atdı. Birincisi, Olimpiada keçirilsə idi, idmançılar, məşqçilər və orada işləyənlər üçün çox riskli olacaqdı. Bu baxımdan Tokio Yay Olimpiya Oyunlarının təxirə salınması çox yaxşı oldu. Hər şeydən önəmli insan sağlamlığıdır. İkincisi, biz hazırlığımızı Olimpiada yox, lisenziya turniri səviyyəsində görmüşdük. Artıq bir ildən çox vaxtımız var, bu müddət ərzində daha çox məşqlər edə bilərik.

- Düşünürsünüz ki, təxirəsalınma hazırlığınıza yaxşı mənada təsir edəcək?

- Əlbəttə. Neçə aydır ki, durmadan məşqlər edirdim, bunu olimpiadaya kimi davam etdirəcəkdim. İndi isə bir az istirahət imkanı yaranıb. Artıq bir aydır ki, peşəkar məşqlərdən kənar qalmışam. Hazırda karantin səbəbindən evdə məşq edirəm ki, formadan düşməyim. Şəxsi məşqçim atam olduğu üçün, daim onunla ev şəraitində hazırlıqlarımı davam etdirirəm. Səhvlərim üzərində ciddi işləyirəm. Eyni zamanda yeni baş məşqçimiz Umberto Orta Domingezin onlayn şəkildə təlimatlarını dinləyirəm. O, daim boksçuların çəkilərinə və yeməklərinə nəzarət edir. Onun döyüş üslubunu çox bəyənirəm, çünki mənim kimi baş məşqçi də texnikaya çox üstünlük verir. Hesab edirəm ki, onun sayəsində rinqə daha yaxşı vəziyyətdə qayıdacağam.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Artıq məşq etmək üçün daha çox vaxtım var. Bu müddət ərzində Olimpiadaya daha yüksək enerji ilə hazırlaşacağam. Çalışacağam ki, üzərimdə daha çox işləyim və səhvlərimi düzəldim. Əlimdən gələni edəcəyəm ki, Tokio olimpiadasında qələbə qazanım və himnimizi səsləndirim, bayrağımızı qaldırım.

Aynurə PƏNAHQIZI

Xəbər 897 dəfə oxundu.