Azərbaycan voleybolçusu Marqarita Əzizova karantindən evə buraxılıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karantindən evə buraxılıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadla xəbər verir ki, 2019/2020-ci il mövsümündə Polşanın “Radomka” klubunda çıxış etmiş və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Artıq evinə qayıdan 27 yaşlı hücumçu hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını deyib: “Artıq Bakıda evimdəyəm. Paytaxta qayıtdıqda bilirdik ki, aeroporta çatan kimi bizdən analiz götürəcəklər və hazırkı duruma uyğun olaraq karantinə alınacağıq. Buna baxmayaraq, Bakıya gəlməyə qərar verdik və bu gün Vətənimizdə olduğum üçün çox sevinirəm. Uçuşların dayandırıldığı bir vaxtda Azərbaycana qayıtmağa kömək edən Polşadakı səfirliyimizə və AVF-yə təşəkkürümü bildirirəm. Karantində olduğum günlərdə də hər an federasiyanın dəstəyini hiss etdim və həmişə mənə kömək oldular. Karantin zamanı bizə qulluq edən həkimlərə və digər işçilərə minnətdarlığımı çatdırıram. Orada bizim üçün lazımi şərait yaratmışdılar. Bir idmançı kimi, otaq şəraitində olsa da, fərdi məşqlə məşğul olmağa çalışırdım”.

M.Əzizova xalqımızı Azərbaycan hökumətinin verdiyi qərarlara ciddi əməl etməyə çağırıb. O bildirib ki, bu gün evdə qalmaqla bu bəladan daha tez xilas olmaq mümkündür: “Ölkəmizdə karantin davam edir. Mən də bir vətəndaş kimi bütün qaydalara riayət edirəm və xalqımı evdə qalmağa, lazımi şərtlərə əməl etməyə çağırıram. İnanıram ki, bütün bunlar tezliklə sona çatacaq və biz bu virusa birlikdə qalib gələ biləcəyik”.

Qeyd edək ki, M.Əzizovadan əvvəl millimizin digər oyunçusu Yuliya Kərimova da karantindən evə buraxılıb.


Xəbər 641 dəfə oxundu.