"2020-ci ilin Formula 1 mövsümü cari təqvim ili ərzində keçiriləcək"
Koronavirus pandemiyasına baxmayaraq, Formula 1 maşınları sinfində avtoyürüşlər üzrə dünya çempionatının 2020-ci il mövsümü cari təqvim ili ərzində keçiriləcək.

Bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt bəyan edib.

Lap əvvəldən çempionatın təqvimində 22 mərhələ nəzərdə tutulub, lakin koronavirus pandemiyasına görə Monako Qran-Prisi ləğv edilib, habelə Avstraliya, Bəhreyn, Vyetnam, Niderland, Çin, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən vaxta keçirilib. İyunun 26-28-nə planlaşdırılan Fransa Qran-Prisi hazırda təqvimdə birincidir.

"Çempionata başlamağın mümkün olduğuna əmin olan kimi, hər ay üç mərhələ keçirəcəyik. Əgər iyul-avqust aylarında başlasaq, dekabra qədər altı ayımız və hər ay üç mərhələmiz olacaq", - deyə Todt bildirib.

Todtun sözlərinə görə, 2020-ci il mövsümünün mərhələlərinin bir hissəsinin 2021-ci ildə keçirilməsi ehtimalı son dərəcə azdır.
Yeni koronavirusun yaratdığı xəstəlik ocağı 2019-cu ildə Mərkəzi Çində başlayıb, daha sonra ölkələrin çoxuna yayılıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq qəbul edilib.

Xəbər 622 dəfə oxundu.