Yaponiyada Olimpiya alovunun açıq nümayişi koronavirusa görə dayandırılıacaq
Yaponiyanın Fukusima şəhərində, Milli Məşq Mərkəzində Olimpiya alovunun açıq nümayişi koronavirusun yayılması təhlükəsinə görə vaxtından əvvəl dayandırılacaq. Oyunların Təşkilat Komitəsi bu barədə məlumatı çərşənbə axşamı günü açıqlayıb.

Alovun nümayişi aprelin 30-na qədər davam etməli idi, lakin aprelin 8-dən dayandırılacaq.

Fukusima 2011-ci ildə təbii fəlakətin zərbəsindən sonra ölkənin bərpası rəmzi seçilib. Daha əvvəl, martın 26-da şəhərdə Olimpiya məşəli estafeti start götürməli idi, lakin xoşagəlməz epidemioloji vəziyyət fonunda ləğv edildi. Məşəl martın 12-də Yunanıstanda alovlandırıldı, martın 20-də Yaponiyaya gətirildi.
Yaponiyanın hakimiyyət orqanları koronavirusun yayılması təhlükəsinə görə aprelin 8-də ölkənin yeddi prefekturasında, o cümlədən Tokioda fövqəladə vəziyyət rejimi elan etdilər. Fövqəladə vəziyyət mayın 6-dək davam edəcək.

Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar olaraq 2021-ci ilə keçirilib və iyulun 23-dən avqustun 8-dək nəzərdə tutulub.

AZƏRTAC


Xəbər 729 dəfə oxundu.