"Karantin vəziyyəti idmançılar üçün daha çətindir"
Karantin vəziyyəti idmançılar üçün daha çətindir.

Azsport.az saytı xəbər verir ki, bu sözləri qadınlardan ibarət güləş üzrə milli komandamızın lideri - 7 qat Avropa çempionu, 3 qat olimpiya mükafatçısı (1 bürünc, 2 gümüş medal), Avropa Oyunlarının ikiqat qalibi və ikiqat dünya çempionu Mariya Stadnik deyib. O, bildirib ki, ciddi şəkildə karantin qaydalarına əməl etməyə çalışır.

“Hazırda Ukraynanın Lvov şəhərindəyəm. Burada da bir sıra qabaqlayıcı tədbirlər görülür. İtaliyada və İspaniyada insanlar karantin qaydalarına düzgün əməl etmədilər, nəticədə, koronavirus səbəbindən çoxlu sayda insan vəfat etdi. Düzdür, karantin vəziyyəti indi ən çox idmançılar üçün çətindir, çünki daim hərəkətdə oluruq. İndi bu vəziyyətdə evdə oturmaq təbii ki, bir az çətindir. Amma formada qalmaq üçün evdə də müəyyən fiziki hərəkətlər edə bilərik ki, bədənimiz passivləşməsin. Əsas bunun üçün istək olmalıdır. Hər gün idman hərəkətlərini edirəm, bu işdə yoldaşım mənə daim dəstək olur. Bir müddətdən sonra təbii ki, həyat öz axarına düşəcək, buna görə də ciddi surətdə hazırlıqlarımızı davam etdirməliyik, - deyə, Mariya əlavə edib”.

Qadın güləşçimiz Tokio Yay Olimpiya Oyunlarının təxirə salınmasına da münasibət bildirib: “Tokio Yay Olimpiya Oyunlarının təxirə salınması bir az gözlənilməz oldu. Çünki yarışlara çox az vaxt qalmışdı və hər kəs artıq formanı almışdı. Nə etmək olar, verilən qərarlarla razılaşmalıyıq. Əsas sağlamlığımızın və həyatımızın qeydinə qalmalıyıq. Düzünü desəm, olimpiadanın təxirə salınması mənim üçün çox yaxşı fürsət oldu. Uzun müddət idi ki, ailəmlə vaxt keçirə bilmirdim. İndi fürsətdən istifadə edib həm ailəmlə daha çox bir yerdə oluram, həm də dincəlirəm”.

Qeyd edək ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qazanıb.

Aynurə PƏNAHQIZI

Xəbər 929 dəfə oxundu.