Formula 1 mövsümü tamaşaçısız başlaya bilər
Formula 1 rəhbərliyi cari mövsümə tamaşaçısız başlamağı planlaşdırır.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Formula 1-in icraçı direktoru Çeyz Keri məlumat verib. O, bildirib ki, cari təqvimə əsasən mövsüm iyunun 14-də Kanada Qran-Prisi ilə başlamalı olsa da, bu elə də ümidli görünmür.

“Formula 1 koronavirus böhranı səbəbiylə 2020-ci ilin ilk səkkiz yarışını təxirə saldı və ya ləğv etdi. İndi mövsümün nə vaxt başlayacağı dəqiq bilinmir. Kanada Qran-Prisinin də keçirilməsi qeyri-mümkün görünür. Bundan əlavə, Fransada (28 iyun) və Avstriyada (5 iyul) da yarışların keçirilməsi planlaşdırılmır. Bu vəziyyətdə mövsüm İngiltərədə iyulun 19-da başlaya bilər. Düşünürəm ki, indi ən yaxşı hal kimi Formula 1 mövsümü tamaşaçısız keçirilsin. İngiltərə Qran-Prisindən sonra bir neçə yarışın tamaşaçı olmadan oxşar şəkildə keçirilməsi düşünülür”,- deyə, icraçı direktor əlavə edib.

Qeyd edək ki, mövsümün İngiltərədə başlanmasının əsas səbəbi 10 komandadan 7-sinin fabrikinin Silverston yolunun yanında yerləşməsidir.

Aynurə PƏNAHQIZI

Xəbər 560 dəfə oxundu.