İdman mövzulu əsginaslar
Dünyanın bir çox ölkələrində idman mövzusunda poçt markalarına, açıqcalara rast gəlmək olar. Bu mövzuda, az da olsa, pul əsginaslarına rast gəlinir. Belə əsginaslar adətən, hansısa əlamətdar idman hadisəsi, ya tanınmış idmançı ilə əlaqədar buraxılır və əsasən kolleksiyaçılar tərəfindən alınıb saxlanılır. İndiyədək onlarca belə pullar kolleksiyaçıların ixtiyarına verilib. Yazımızda idman mövzulu bəzi əsginaslardan bəhs edəcəyik.

1. Rusiya. 100 rubl. 2014-cü il

2014-cü ildə Rusiya bankı Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş əsginas buraxıb. 20 milyon ədəd buraxılan bu əsginasın dizaynı şaqulidir. Onun bir tərəfində snoubordçu, digər tərəfində isə Soçidəki “Fişt” stadionu əks olunub.


2. Rusiya. 100 rubl. 2018-ci il

2018-ci ildə Rusiyada ilk plastik əsginas buraxılıb. Onu həmin il Rusiyada keçirilən futbol üzrə dünya çempionatına həsr etmişdilər. Bu əsginasın da dizaynı şaquli, tirajı 20 milyondur. Bir tərəfində əlində top olan oğlan və topun arxasınca tullanan qapıçı, digər tərəfində isə futbol topu şəklində yer kürəsi əks olunub. İkinci tərəfdə dünya çempionatını qəbul edən Rusiya şəhərlərinin adları yazılıb.


3. Papua Yeni Qvineya. 2 kin. 1991-ci il

1991-ci ildə Papua Yeni Qvineyada həmin ilin sentyabrında Port-Morsbi şəhərində keçirilmiş 9-cu Cənubi Sakit Okean Oyunlarına həsr olunan 2 kinlik əsginas buraxılıb. Yarışlarda Okeaniya zonasının 16 ölkəsindən 2000 idmançı iştirak etmişdi. Pulun üzərindəki yalnız kiçik rəngli emblem onun həmin oyunlara həsr olunduğunu bildirir.


4. Estoniya. 5 kron. 1994-cü il

1994-cü ildə Estoniyada buraxılan əsginasda eston, tanınmış sovet şahmatçısı Paul Keresin portreti əks olunub. Keres tarixdə əsginas üzərində şəkli əks olunmuş ilk şahmatçıdır.


5. Bəhreyn. 1/2 dinar. 2008-ci il

2008-ci ildə Bəhreyndə buraxılan əsginas həmin ölkədə keçirilmiş Formula-1 yarışına həsr olunub. Yarış Beynəlxalq avtodromda keçirilirdi. Yarım dinarın üzərində də məhz həmin avtodrom əks olunub.


6. Maldivlər. 5 rufiy. 2017-ci il

2017-ci ildə Maldivlərdə buraxılmış plastik əsginasda tanınmış yerli futbolçu Əli Aşfakın şəkli əks olunub. Lakin islam ənənələrinə uyğun olaraq, futbolçunun üzü əks olunmayıb.


7. Fici. 7 dollar. 2017-ci il

Ficidə 2017-ci ildə buraxılmış 7 dollarlıq əsginas ondan bir il öncə həmin ölkənin reqbi komandasının Rio-de-Janeyrodakı Olimpiya Oyunlarında qələbəsi şərəfinə buraxılıb. Bu tarixi qələbə Ficinin ilk Olimpiya medalı idi.


8. Türkmənistan. 1, 5, 10, 20, 50, 100 manat. 2017-ci il

2017-ci ildə Türkmənistanda döyüş növləri və örtülü məkanlarda keçirilən yarışlar üzrə V Asiya Oyunlarına həsr olunmuş seriya əsginaslar buraxılıb. 1, 5, 10, 20, 50 və 100 manat nominallı əsginasların üz tərəfində Aşxabadda keçirilmiş oyunların emblemi, arxa tərəfində isə fərqli idman qurğularının şəkli verilib.


9. Samoa. 10 tala. 2019-cu il

Ötən il Samoada həmin ölkənin Apia şəhərində keçirilmiş XVI Sakit Okean Oyunlarına həsr olunan əsginas buraxılıb. Yarışda 24 ölkə idmançısı 28 idman növündə mübarizə aparıb.


10. Cənubi Koreya. 2000 von. 2017-ci il

2017-ci ilin sonlarında Cənubi Koreyada növbəti ilin əvvəlində Pyönqçanqda keçirilməli olan Qış Olimpiya Oyunlarına həsr olunan 2000 vonluq əsginas buraxılıb. Pulun üz tərəfində Olimpiya ruhunu simvolizə edən başqa 5 idman növünün fonunda iri planda iki konkisürən əks olunub. Arxa tərəfdə isə Koreyanın ənənəvi heyvanı olan pələng şəkli verilib.


11. Keniya. 200 şillinq. 2019-cu il

2019-cu ildə Keniyada ölkənin müstəqilliyinin ildönümünə həsr olunmuş 50, 100, 200, 500 vı 1000 şillinqlik əsginaslar buraxılıb. Bu pullar müxtəlif mövzulara həsr olunub. 200 şillinqlik pulun arxa tərəfində sosial xidmətlər, tibb, təhsilə aid şəkillərlə yanaşı, dünyada tanınmış Keniya atletləri də əks olunub.


12. Finlandiya. 10 fin markası. 1986-cı il

1986-cı ildə Finlandiyada 9 qat Olimpiya çempionu Paavo Yohanes Nurmiyə həsr olunmuş 10 fin markası buraxılıb. 1920, 1924 və 1928-ci illər olimpiadalarında 9 qızıl medal qazanmış qaçışçı bu nəticə ilə XX əsrdə atletika idman növünün rekordçusu olub. Pulun üz tərəfində atletin portreti, arxa tərəfində isə Helsinki Olimpiya stadionu əks olunub. Qeyd edək ki, 1956-ci ildə həmin stadionda olimpiya məşəlini məhz Paavo Yohanes Nurmi alovlandırıb.


13. Şimali İrlandiya. 5 funt. 2006-cı il.

2006-cı ildə Şimali İrlandiyada Olster bankı futbol ulduzu Corc Bestin ölümünün birinci ildönümünə həsr olunmuş 5 funtluq əsginas buraxıb. 1 milyonluq tiraj 5 gün ərzində tam satılmışdı. Əsginasda Bestin 3 şəkli verilib. Bunlardan biri portret, ikisi isə oyun vəziyyətidir.


14. Sinqapur. 10 dollar. 1999-cu il

1999-cu ildə Sinqapurda müxtəlif nominallı əsginaslar buraxılıb. Onların hamısının üz tərəfində ölkənin ilk prezidenti Ensik Yusof bin İşakın portreti əks olunub. 10 dollarlığın arxa tərəfində isə futbol, qaçış, yelkən idmanı, tennis və üzgüçülük şəkilləri verilib.


15. 0 avro

2015-ci ildən Avropa ölkələrində müxtəlif mövzularda 0 avro nominallı əsginasların buraxılışı başlandı. Bu sırada idman mövzulu avrolar da peyda oldu. Məsələn, 2018-ci ildə Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının 32 iştirakçı yığmasının hər birinə aid ayrı-ayrı əsginaslar buraxıldı. Bundan əlavə, 2016-cı ildə Fransanın "Marsel-Mişlen" stadionuna, 2018-ci ildə məşhur portuqaliyalı futbol ulduzu Eysebioya, həmçinin həmin ölkənin “Portu” futbol klubuna, Belçikanın Tyubiz şəhərinin futbol mərkəzinə, Çin kunq-fusuna, həmin ölkənin xizək fristaylına, 2019-cu ildə Afinadakı “Panatinaikos” stadionuna, 2020-ci ildə Almaniyada futbol üzrə Avro-2020-yə, 2018, 2019 və 2020-ci illərdə Almaniyanın “Oldtaymer" avtomobil qran-pri yarışlarına və s.-yə həsr olunmuş 0 avroluq əsginaslar kolleksiyaçıların ixtiyarına verilib.

Vüqar Məmmədov




Xəbər 776 dəfə oxundu.