UFC: Həbib Nurməhəmmədov UFC 249 turnirində iştirak etməyəcək
Aprelin 18-də keçiriləcək UFC 249 turnirində rusiyalı döyüşçü Həbib Nurməhəmmədov iştirak etməyəcək.

“Azsport.az” saytı TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Dana Uayt "Twitter"də yazıb.

O, qeyd edib ki, turnir Həbibsiz baş tutacaq. D.Uayt döyüşlərin siyahısını bu gün açıqlayacağını bildirib.

Qeyd edək ki, turnirin keçiriləcəyi məkan hələ məlum deyil. Yarışın əvvəlcə Nyu-Yorkda keçiriləcəyi planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə təxirə salınıb.

Xatırladaq ki, Nurməhəmmədov - Fergüson qarşılaşması artıq beşinci dəfədir ki, baş tutmur. Belə ki, ilk dəfə 2015-ci ilin dekabrına planlaşdırılan döyüşə rusiyalı döyüşçü zədə səbəbindən qatıla bilməyib. 2016-cı ilin aprelinə təxirə salınan qarşılaşma isə amerikalı döyüşçünün ağciyər problemi üzündən baş tutmayıb. 2017-ci ilə planlaşdırılan qarşılaşma Nurməhəmmədovun xəstəxanaya yerləşdirildiyinə görə keçirilməyibsə, bir ildən sonrakı döyüş Fergüsonun zədəsi səbəbindən təxirə salınıb.

H.Nurməhəmmədov UFC-nin yüngül çəkidə çempionudur. O, karyerası ərzində 28 döyüşün hamısında qələbə qazanıb.

Bəsti Sabirqızı

Xəbər 781 dəfə oxundu.