Rusiya Formula 1 Qran-Prisinə hazırlaşır
Rusiya ölkə tarixində yeddinci dəfə keçiriləcək Formula 1 Qran-Prisinə hazırlaşır.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, Soçi trası bu il Rusiya Qran-Prisini qəbul etmək üçün hazırlıqlarını davam etdirir. Bu barədə Soçi yarışının təşkilatçısı Rosqonki məlumat verib.

“Biz sentyabr ayında baş tutacaq Rusiya Qran-Prisi yarışına hazırlıqlarımızı davam etdiririk. Koronavirusla əlaqəli hadisələrin inkişafını diqqətlə izləyirik. Hökumət və mütəxəssislərin tövsiyələrini, təlimatlarını dinləyirik. Formula 1 təmsilçiləri ilə daim təmasda oluruq. Hal-hazırda Soçi trası bağlıdır. Müəssisədə isə yalnız texniki heyət var. İnanıram ki, sentyabr ayında biz Formula 1 yarışlarını qəbul edəcəyik,” - deyə, yarış təşkilatçısı bildirib.

Qeyd edək ki, cari ildə Formula 1 yarışlarının keçirilməsinə dair şübhələr var. Belə ki, iyun ayının ortalarına qədər Kanada Qran-Prisinə kimi bütün yarışlar ləğv edildi və ya təxirə salındı. Bununla yanaşı, iyul və ya avqust aylarına qədər yarışların keçirilməsi gözlənilmir.


Aynurə PƏNAHQIZI

Xəbər 453 dəfə oxundu.