Tailand və Malayziya idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarına buraxılmayacaq
Tailand və Malayziyanın ağırlıqqaldırma üzrə milli yığması dopinqlə bağlı çoxsaylı pozuntulara görə, “Tokio-2020” Yay Olimpiya Oyunlarına buraxılmayacaq.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) tərkibindəki Müstəqil Federasiyalara Sanksiyalar Qrupu (UMFSP) verib. Həmin qərara əsasən, hər iki ölkənin atletləri bu olimpiadada iştirak etmək hüququnu itirib. Tailand idmançılarının 11 ay, Malayziya atletlərinin isə 5 ay müddətində heç bir beynəlxalq yarışda iştirak edə bilməyəcəyi barədə də qərar qəbul olunub.

Qeyd edək ki, həmçinin Tailandın quruma üzvlüyü 2023-cü il aprelin 1-dək dayandırılıb. Bu ölkənin rəsmiləri 2 il müddətinə yarışlardan kənarlaşdırılıb. Malayziya federasiyanın İWF üzvlüyü isə 1 illik dayandırılıb. Lakin hər iki Asiya təmsilçisi apelyasiya vermək hüququna malikdir.

Xəbər 707 dəfə oxundu.