İvan Tixonov: Hal-hazırda yaxşı idman formasındayam
“Karantindən əvvəl olduğu kimi, indi də gün ərzində bütün fiziki hazırlıq terminlərini yerinə yetirirəm”.

Azsport.az saytı xəbər verir ki, bu sözləri “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idman gimnastımız İvan Tixonov deyib.

İdmançımız “Tokio-2020” Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası üzündən təxirə salınmasına da münasibət bildirib: “Tokio olimpiadasının təxirə salınması və başqa vaxta təyin edilməsi bizi kədərləndirdi. Hesab edirəm ki, Beynəlxalq Olimpiya Komitəsi ən düzgün addımı atdı, hər şeydən önəmli insan sağlamlığıdır. May ayında Bakıda keçiriləcək Avropa çempionatı təxirə salındığına görə, təəssüf ki, həmin yarışda iştirak edə bilmədim. Hal-hazırda yaxşı idman formasındayam. Ev şəraitində maksimum imkanlardan istifadə etməyə çalışıram. Ümid edirəm ki, tezliklə hər şey düzələcək”.

Qeyd edək ki, idman gimnastımız Tokio olimpiadasına lisenziyanı Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatının çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplamaqla nail olub.


Aynurə PƏNAHQIZI

Xəbər 808 dəfə oxundu.