“Boksçuların formadan düşməməsinə görə müəyyən hərəkətləri evdə etmələri tövsiyə olunur”
Digər klublar kimi, “Baku Fayt Lab”da da məşqlər dayandırılıb. Biz onlayn şəkildə idmançılarla əlaqə saxlayır, onlara tövsiyələrimizi veririk. Klubumuzda həm uşaq və yeniyetmələr, həm də böyüklər fəaliyyət göstərir. İdmançılara tapşırılıb ki, ev şəraitində məşqləri davam etdirsinlər. Məşq prosesində onlar atlanma ipi və tennis toplarından da mütləq istifadə etməlidirlər. Eyni zamanda, evdə hərə yaşına uyğun olaraq jqut, qanteldən istifadə etməklə məşqlərini davam etdirir. İdmançılar karantinə qədər çöldə qaçırdılar, lakin bu gün karantinə görə çöldə qaçış mümkün olmadığı üçün onların formadan düşməməsinə görə müəyyən hərəkətləri evdə və yaxud öz həyətlərində etmələri tövsiyə olunur.

Bu sözləri “Baku Fayt Lab” klubunun baş məşqçisi Rasim Məmmədov “azsport.az” saytına müsahibəsində deyib.

R.Məmmədov Olimpiya Oyunlarına lisenziya yarışlarına hazırlaşan idmançılar üçün məşq proseslərinin xüsusilə vacib olduğunu bildirib: “İdmançılarımızın bəziləri nüfuzlu turnirlərə hazırlaşırlar. Məsələn, Məsud Yusifzadə lisenziya yarışlarına hazırlaşır, bu həftə ərzində 5 dəfə məşq edib. Əlbəttə bu usta idmançı üçün azdır, amma vəziyyətdən müəyyən çıxış yoludur. Neyləmək olar, lazımdır ki, formasını saxlasın, çəkisi artmasın, eyni zamanda, yeməyinə diqqət etməlidir. İdmançıların çəki problemlərini xüsusilə vurğulamalıyam. Ancaq bu, uşaq və yeniyetmələrə aid deyil. Onlar böyüməli, boyları artmalı, əzələləri möhkəmlənməlidir”.

Baş məşqçi boks üzrə təxirə salınan və başqa tarixə keçirilən yarışlar barədə də danışıb: “Mart-aprel aylarındakı yarışlar ləğv olunub. Londonda keçirilən Avropa Olimpiya təsnifat turniri təxirə salınaraq may ayına keçirilib, may ayında Parisdə keçirilməli olan xüsusi təsnifat turnirinin isə iyunda keçirilməsi nəzərdə tutulub. Şübhəsiz, bu tarixlərdə də dəyişiklik ola bilər. Çünki vəziyyətin necə olacağı hələ bilinmir.

R.Məmmədov idmançıların lisenziya yarışlarına, eləcə də, Olimpiya Oyunlarına hazırlığı ilə bağlı bəzi məqamlara toxunub: “Boks idman növü zərbə ilə bağlı olduğu üçün idmançılar tez-tez zədələnirlər. Zədələr təkcə yarışda yox, həm də məşq zamanı baş verir. İdmançı bu zərbələri vurmaqla yanaşı, onlara dözməyi də bacarmalıdır. Düşünürəm ki, Tokio Olimpiadası 2021-ci ilə keçirilibsə yarışların vaxtı da gələn ilə keçirilə bilər. Amma bunu da nəzərə almalıyıq ki, bu il dünya çempionu olan idmançı bir il sonra uğurla çıxış etməyə bilər. İdmançı yaxşı formada olmalıdır, üstəlik söhbət boksçudan gedirsə. Boks tamamilə fərqli idman növüdür. Boksda bir neçə dəfə dünya çempionu olmaq çətin olur. Düzdür, belə insanlar var. Bunlar, əsasən, Kubalılardır. Qürurla qeyd edə bilərik ki, onların sırasında Azərbaycan boksçusu Məmmədrəsul Məcidov da var. Belə boksçuların sayı dünyada cəmi 8-9 nəfərdir. Düşünürəm ki, koronavirus bütün dünyada tam bitməyincə boks yarışları keçirilə bilməz. Döyüş zamanı idmançı idmançı ilə tam təmasda olur. Təhlükəsizlik baxımından bu yarışların keçirilməsi hələ ki, mümkün deyil”.

Bəsti Sabirqızı


Xəbər 761 dəfə oxundu.