“IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb
“IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb.

Azsport.az saytı xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən verilib. Məlumatda deyilir:

“Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən “International Blind Sports Federation” (IBSA) ilə 11–12 may 2020-ci il tarixlərində Bakıda keçirəlməsi nəzərdə tutulan “IBSA Judo Grand Prix Baku 2020” yarışı ilə bağlı müzakirələr aparmış və Qran Prinin 2021-ci ildə keçiriləcəyi ilə bağlı razılıq əldə edilmişdir".

Məlumatda qeyd edilir ki, alınmış razılığa əsasən “IBSA Judo Grand Prix Baku 2020” yarışı Bakıda 2021-ci ilin may ayında keçiriləcək və “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu kvalifikasiya yarışı olacaq. Eləcə də, “International Blind Sports Federation” 2020-ci ildə idmançılar üçün yarışların məhdud olmağı ilə əlaqədar olaraq və Milli Paralimpiya Komitəsinin 2019-cu ildə Qran Prini yüksək səviyyədə keçməsini nəzərə alaraq 2020-ci ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplantısının təşkili ilə bağlı Komitəyə müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaqdır.

Bildirilir ki, IBSA Azərbaycan Milli Paralimpiya Komitəsinin “IBSA Judo Grand Prix Baku 2020” yarışına olan hazırlıqlarını yüksək qiymətləndirir və Komitənin hazırlıq dövründə maliyyə itkiləri ilə üzləşdiyi üçün təəssüf hissi keçirir.

MPK isə öz növbəsində idmançıların və onları müşayiət edən şəxslərin sağlamlığlarını və təhlükəsizliyini maliyyə itkilərindən daha üstün tutduğunu bildirib.

Azərbaycan Milli Paralimpiya Komitəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi və Azərbaycan Cüdo Federasiyasına “IBSA Judo Grand Prix Baku 2020” yarışının təşkilatçılığında göstərdikləri dəstək və gələcək əməkadaşlıq üçün təşəkkürünü bildirir.

Xəbər 765 dəfə oxundu.