Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin bitmə vaxtı müəyyənləşib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) COVID-19 pandemiyası səbəbindən “Tokio 2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasından sonra olimpiada üçün lisenziya xarakterli turnirlərin tarixlərinə yenidən baxıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Milli Olimpiya Komitələrinə göndərilən məktubda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bütün turnirlərin 29 iyun 2021-ci ilədək başa çatacağı göstərilib. Hər bir ölkə öz iştirak ərizəsini iyulun 5-dək BOK-a təqdim etməlidir. Turnirlərin tarixi və keçiriləcəyi məkan barədə isə məlumat verilməyib. BOK bu barədə geniş informasiyanın koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan götürülməsindən sonra bildiriləcəyini qeyd edib.

Qeyd edək ki, Tokio olimpiadasına bu vaxtadək lisenziya qazanmış bütün idmançılar Oyunlarda iştirak hüququnu özlərində saxlayacaqlar.

Aynurə PƏNAHQIZI

Xəbər 734 dəfə oxundu.