Azərbaycanın Peşəkar Futbol Liqası UEFA tərəfindən təşkil olunan videokonfransda iştirak edib
Dünyada bütün sahələrə, o cümlədən futbola ciddi təsir göstərmiş COVID-19 virusunun meydana gətirdiyi problemlərdən minimum ziyanla çıxmaq üçün UEFA və FİFA səviyyəsində videokonfranslar keçirilir, müzakirələr aparılır.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, belə konfranslardan biri aprelin 3-də Avropa Peşəkar Futbol Liqalarına üzv liqalar arasında keçirilib. Qitənin futbol üzrə lider ölkələrindən İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti Lars Krister Olsenin rəhbərliyi ilə reallaşıb. Təşkilatın fəal üzvlərindən biri olan Azərbaycan Peşəkar Futbol Liqası da videokonfransda nümayəndə ilə təmsil olunub və təkliflərini verib, liqalarımızdakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.

Konfransda UEFA, EPFL (Avropa Peşəkar Futbol Liqaları) və AKA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzası ilə üzv ölkələrə aprelin 2-də ünvanlan məktubda qeyd edilən məsələlər əsas müzakirə mövzusu olub. Məktubda yerli çempionatların vaxtından əvvəl, reqlamentə əsasən bütün oyunlar oynanılmadan başa çatdırılmasının düzgün olmadığı bildirilib. Konfransda iştirak edən Belçika Pro-Liqa təmsilçisi onların aprelin 2-də çempionatın hazırkı göstəricilərlə yarımçıq başa vurulması ilə bağlı təklif xarakterli qərarı barədə də konfrans iştirakçılarına və təşkilata geniş icmalda məlumat verib.

Bu və digər məqamlardan irəli gələn məsələlərlə bağlı aşağıdakı məqamlar məsləhət görülüb:

- EPFL öz üzvlərini hər şey məlum olmadan 2019-2020-ci il mövsümünün başa çatması və 2020-2021-ci il mövsümünün başlaması ilə bağlı qərar verməkdə tələsməməyə çağırır;

- Yarışların ədalətli davamlılığını fərdi maraqlara qarşı qorumaq hər bir liqanın məsuliyyətidir;

- Bütövlüyü qorumaq üçün hər bir liqanın atdığı bütün addımları EPFL ilə koordinasiya etməsi vacibdir;

- Əgər həmin ölkədə icazə verilirsə və razılaşdırılıbsa, yerli çempionatlar mümkün qədər tez davam etməyə başlaya bilər. Bu, təbii ki, rəsmilərin icazəsi və yarışların keçirilməsi zamanı iştirakçı olan hər bir kəs üçün tamamilə təhlükəsiz şərait yarandıqda baş verəcək;

- Yerli çempionatlar UEFA-nın 2020-2021-ci il mövsümünün yarışlarının seçmə mərhələləri başlamadan tamamlanmalıdır;

- Yerli çempionatların 2020-2021-ci il mövsümünün sentyabrın ortasından gec və UEFA yarışlarının oktyabrın ortasından sonra başlaması real görünmür.

EPFL üzvləri UEFA nəzdində yaradılan iki işçi qrupda iştirak edərək üzv ölkələrin maraqlarını müdafiə edirlər. Birinci işçi qrup dayandırılan yerli çempionatların və UEFA səviyyəli yarışların davam etdirilməsi üçün yekun optimal oyun cədvəli variantını may ayının ortasına kimi hazırlayıb təqdim edəcək. Ancaq bu, epidemiyanın indiki vəziyyətinə görə nəzərdə tutulan tarixdir və işçi qrup gedişatın hər hansı formada dəyişə biləcəyini də nəzərə alaraq son tarix kimi mayın ortasına kimi işini davam etdirəcək. Bu səbəbdən federasiyalara, assosiasiyalara və liqalara tələsik qərar verməmələri, çempionatlarını başa vurmaları üçün yetərincə zamanın olduğu bildirilib.

Azərbaycan Peşəkar Futbol Liqası isə öz növbəsində liqaların davam etdirilməsinin elə ilk gündən tərəfdarı olduğunu vurğulayıb. Bildirilib ki, hazırda ölkədə bütün idman qurğuları bağlıdır. İdman ictimaiyyəti dövlətin virusa qarşı apardığı mübarizənin tərkib hissəsidir. Əlavə olunub ki, ölkədəki vəziyyətdən və dövlət səviyyəsində verilən qərarlardan asılı olaraq çempionat bərpası ən tez mümkün tarixədək saxlanılıb. Klubların durumu, maraqları, fikirləri PFL üçün çox önəmlidir və onlarla məsləhətləşmələr aparıldıqdan sonra qərar veriləcəyi diqqətə çatdırılıb.

Xəbər 644 dəfə oxundu.