"Zirvə Astara" ölkə çempionu oldu
Kişi basketbolçuların ölkə Superliqasında fevral ayının 29-da keçirilən 20-ci turdan sonra Respublikada yaranmış gərgin epidemiyaloji vəziyyətə görə 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yaranmışdı. Fasiləyə qədər "Zirvə Astara" 38 xal, "Atom" 34 xal, "Gəncə" isə 32 xalla Superliqanın 1-ci, 2-ci, 3-cü yerlərdə qərarlaşmışdılar.

Bununla yanaşı dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verdi. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edildi.

Azsport.az saytı xəbər verir ki, bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual video-iclasa toplandı. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən "Zirvə Astara" Azərbaycan çempionu elan edildi.

Xəbər 669 dəfə oxundu.