“Təhsil” RİM şahmat birinciliyinə başlayır
Yeni növ koronavirus (COVİD19) pandemiyası səbəbilə çoxsaylı respublika və beynəlxalq yarışlar təxirə salındı. Bu yarışlar içərisində 12-17 mart 2020-ci tarixlərində Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulan “Təhsil” Respublika İdman Mərkəzinin sürətli şahmat üzrə Respublika çempionatı da var.

Azsport.az saytı xəbər verir ki, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədilə “Təhsil” RİM həmin yarışın onlayn qaydada keçirilməsi barədə qərar qəbul edib.

Yarış www.chess.com internet portalı üzərindən 5 aprel 2020-ci il tarixində saat 17:00-da start götürəcək. İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışda nəzarət vaxtı 3 dəqiqə + 2 saniyə/hər gedişədir. Yekunda toplanan xallar əsasında yaş qruplarına görə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyən ediləcək. Yarışın nəticələri 1 gün ərzində elan olunacaqdır. Yarışda iştirak edən şahmatçının qeydiyyat adı (nik) ad və soyadından ibarət olmalıdır.

Yarışda 7-17 yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin, şahmat klublarının qeyd olunan yaş qrupu üzrə şahmatçıları iştirak edə bilərlər. Yarışa qatılmaq üçün hər bir iştirakçı www.chess.com saytı üzərindən qeydiyyatdan keçməlidir. İştirak hüququ qazanmaq üçün birinci növbədə qeyd olunan sayt vasitəsilə “Azerbaijan Chess Schools” elektron klubuna üzv olmaq tələb olunur. Daha sonra “Məktəblilərin respublika birinciliyi – Blitz” adlı yarışdan qeydiyyatdan keçmək mümkün olacaqdır. Qeydiyyatdan keçmiş hər bir iştirakçıdan 5 aprel 2020-ci il tarixində yarışın başlamasına 1 saat qalmış – 16:00-dan etibarən şəxsiyyət vəsiqəsinin və kompyuter (və ya digər cihaz) qarşısında olan şəklinin +994 55 896 98 68 whatsapp nömrəsinə göndərilməsi tələb olunur.

Ümumi hesabda bütün iştirakçılar arasından ilk 3 yeri tutan şahmatçıya www.chess.com saytında 1 illik üzvlük hədiyyə olunur:

I yer – “brilyant” üzvlük (dəyəri 99$)
II yer – “platin” üzvlük (dəyəri 49$)
III yer – “qızıl” üzvlük (dəyəri 29$).

Bundan əlavə hər yaş qrupunda I, II, III yeri tutan oğlan və qız şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplomu ilə təltif olunacaqlar. Diplomlar skan olunmuş formada qalibin təqdim edəcəyi elektron ünvana göndəriləcəkdir.

Yarışın əsasnaməsi ilə tanış olmaq, ətraflı məlumat əldə etmək üçün www.tehsilchess.az/asobc2020/ səhifəsinə daxil olmaq lazımdır. Bu səhifədə yarışa qoşulmaqla bağlı yazılı və video təlimatla da tanış olmaq mümkündür.

Bu gün (03 aprel 2020) saat 19:30-da 5 turluq qeyri-rəsmi TEST-Versiya turnir keçiriləcək. Məqsəd yarış günü yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaqdır. Qeyd edək ki,chess.com-un qaydalarına görə yarışa qeydiyyat yarışın başlamasına 1 saat qalmış, 18:30-dan etibarən açıq olacaq. TEST-Versiya Yarışa qeydiyyat üçün bu səhifədə olan "Canlı Yayım"-ın üzərinə klikləmək lazımdır. Açılan səhifədə "Qoşul" əmrini seçib yarışın başlamasını gözləmək lazımdır.

Xəbər 552 dəfə oxundu.