"Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
Fərid Abbasov “azsport.az” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Dünyada geniş yayılan koronavirusla bağlı şahmat yarışları təxirə salınıb. Həmin yarışların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat varmı?

- Hazırda yarışların tarixi ilə bağlı qeyri-müəyyənlik yaranıb. İstər Azərbaycan Şahmat Federasiyası, İstərsə də Beynəlxalq Şahmat Federasiyası tərəfindən qərarlar veriləndən sonra təxirə salınmış yarışların tarixi ilə bağlı suallara cavab vermək olar.

- Komanda üzvlərinin məşqləri necə keçir. Hazırlaşa bilirlərmi?

- Bizdə hər zaman 90 faiz internet üzərindən, xüsusilə də fərdi dərslər olurdu. Müasir tələblərə görə, qrup dərslərinin də tam əksəriyyətini internet üzərindən təşkil etmişik. İnternet üzərindən yarımqrup dərslərinin təcrübəsi artıq bizdə çoxdan vardır. Neçə illərdir ki, digər ölkələrdə, müxtəlif şəhərlərdə yaşayan şagirdlərlə internet üzərindən qrup şəklində çalışmalarımız var.

- Yığma komandada hazırda vəziyyət necədir? Fərdi tələbələrinizlə canlı olaraq məşğələlərin keçirilməməsi onların mükəmməl hazırlığına mane olmur ki?

- Yığma komandaya aid olan məsələlərdə fərdi tələbələrimizlə daimi bağlantı var. İnternet hazırda bir çox şeyləri əvəz edir, hətta bir çox hallarda yola sərf olunan zaman itkisinə yol verilmir. Texniki baxımdan nəyisə göstərmək lazımdırsa, virtual şəkildə, bəlkə də canlı görüşdən 30 faiz daha çox göstərə bilirik. Əzmkarlıqla çalışan uşaqlara tərəfimdən daha çox diqqət ayrılır. Buna qədər də işimizin 90-95 faizi internet üzərindən olub. Müasir tələb bundan ibarətdir. İstər hazırlıq, istər ev tapşırığı internet üzərindən olub. Yeganə dəyişən odur ki, qarşıda oynayacağımız yarışların tarixləri bilinmir.

- Yarışların tarixinin qeyri-müəyyənliyi yetirmələrinizi ruhdan salmır ki?

- Burda ruhdan düşməyə bir səbəb yoxdur. Zamanla keçici bir durğunluqdur. Hazırlıq prosesi olmalıdır, çalışmaq lazımdır. Əslində, hesab edirəm ki, şahmatçılar üçün gözəl bir fürsətdir. Orta məktəb tərəfindən heç kim sıxılmır, şagirdlər dərsə getmirlər. Şahmata ayıracaq kifayət qədər vaxt var. Sadəcə olaraq özlərini qorumalıdılar və şahmatla məşğul olmalıdırlar.

- Tələbələrinizə hansı məsləhət və tövsiyələrinizi verə bilərsiniz?

- Bir müddətdən sonra həyat öz axarına düşəcək. Şahmatçılardan kim vaxt itirirsə, əlbəttə bunun peşimançılığını çəkəcək. Əksinə, indi məşğul olmaq, yarışlara indi hazırlaşmaq lazımdır. Bəzi şahmatçılar elə düşünürlər ki, yarış ərəfəsində hazırlaşarlar. Elə bir dahi şahmatçı yoxdur ki, yarış vaxtı turnirə hazırlaşsın. Yarışa vaxtında hazırlaşmaq lazımdır. Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər. Koronavirus pandemiyasının qarşısının alınması üçün dövlət tərəfindən bütün tədbirlər görülür. Valideynlərə tövsiyəm budur ki, övladaları üçün daha çox çalışsınlar.

Bəsti SABİRQIZI

Xəbər 1077 dəfə oxundu.