Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
Sambo üzrə yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyev “azsport.az” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Bəxtiyar müəllim, koronovirus səbəbindən dünyada yaxın aylarda keçiriləcək yarışlar ya təxirə salınıb, ya da birdəfəlik ləğv olunub. Ümumiyyətlə, sambo üzrə təxirə salınan və ya ləğv olunan yarışlar barədə nə deyə bilərsiniz? Təxirə salınan yarışların hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat varmı?

- Sambo üzrə bəzi yarışlar təxirə salınıb və onların tarixi ilə bağlı dəyişikliklər var. O cümlədən bu ilin mart ayında böyüklər arasında dünya kuboku, aprel ayında yeniyetmə və gənclərin Avropa birinciliyi, may ayında isə kişilər arasında Avropa çempioanatı olmalı idi. Bu yarışlar təxirə salındı, vaxtları da dəyişdirildi. Yeniyetmə və gənclərin Avropa birinciliyi bu ilin sentyabr, böyüklərin Avropa çempionatı dekabr ayına salınıb. İllik cədvəldə qeyd edilən yarışlarda, dünya çempionatlarında hələ ki dəyişiklik edilməyib. Bu yarışlar oktyabr-noyabr aylarına təsadüf edir.


- Komandamızın hazırkı forması ilə bağlı nə deyə bilərsiniz?

- Yarışların vaxtı ilə əlaqədar hər an dəyişiklik ola bilər. Ona görə də idmançılar hər zaman formada olmalıdırlar.

Gənclər, yeniyetmələr, böyüklər arasında qrupumuz var. Onlarla onlayn əlaqə saxlayıb ev şəraitində necə məşq etmələrini izləyirik. Dünya idman təcrübəsindən istifadə edərək idmançılara necə məşq etməkləri barədə məlumatlar veririk. Yaratdığımız “Whatsapp” qrupunda idmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur.

- İdmançılara nə tövsiyə edərdiniz?

- İdmançıların özlərini formada saxlamaları vacibdir. Evdə qalsalar belə, idmansız qalmamalıdırlar. Ən böyük tövsiyəm isə odur ki, özlərində və ətrafdakılarda ruh yüksəkliyi yaratsınlar.

Bəsti SABİRQIZI


Xəbər 1058 dəfə oxundu.