Marina Nekrasova: Karantin vəziyyətinin ləğvindən sonra bizə heç də asan olmayacaq
“Tokio Yay Olimpiya Oyunlarının təxirə salınması və başqa vaxta təyin edilməsi əlbəttə ki, bütün il üçün planların dəyişməsi deməkdir. Lakin, bu həyatdır və onu olduğu kimi qəbul etmək lazımdır”.

Azsport.az saytı xəbər verir ki, bu sözləri idman gimnastımız Marina Nekrasova deyib.

“Mən hal-hazırda da öz sevimli peşəmlə məşğul oluram. Məşq yükünün müəyyən dərəcədə azaldılması fiziki formama da təsir edəcək. Gündə bir neçə dəfə 2 saat məşq etmək də formamı saxlamaq üçün kifayət edir. Təbii ki, karantin zamanı məşqlər zaldakı kimi olmur, hər kəsdə fərqli şərait olur. Buna baxmayaraq, evdə də məşq etmək mümkündür. Karantin vəziyyətinin ləğvindən sonra bizə heç də asan olmayacaq. Çünki bərpa prosesi çətin olur. Bu il ancaq paytaxtımızda təşkil olunan Dünya Kubokunda iştirak edə bildik. Dünya kubokundan sonra bütün yarışlar ləğv edildi və ya təxirə salındı. Avropa Çempionatı Olimpiya Oyunları öncəsi ilin ən mühüm yarışlarından biri idi. Lakin o da təxirə salındı. Ümid edirəm ki, yaxın zamanlarda hər şey qaydasına düşəcək. Ən əsası sağlamlıqdır”, -deyə Marina əlavə edib.

Qeyd edək ki, idman gimnastımız Tokio olimpiadasına lisenziyanı Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatının çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplamaqla nail olub.

Aynurə PƏNAHQIZI


Xəbər 918 dəfə oxundu.