Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru WADA-nın struktur orqanına üzv seçilib
Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli qurumun təhsil sahəsinin siyasi və strateji tənzimlənməsi üzrə Daimi Komitəsinin üzvü seçilib.

Bu ilin fevralında yekdil qərara əsasən, Ş.Hüseynlinin 12 nəfərdən ibarət olan Təhsil üzrə Daimi Komitənin üzvlüyünə namizədliyi WADA-nın prezidenti, baş direktoru və bu Komitənin sədri tərəfindən seçilərək agentliyin rəhbər orqanına rəsmi təyinat üçün irəli sürülmüşdü. Martın 30-da isə səsvermə yolu ilə onun üzv seçilməsi İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib.

WADA-nın strukturuna əsas orqan olan və dopinqlə mübarizənin müxtəlif sahələri üzrə siyasi və strateji idarəçiliyi həyata keçirən cəmi 5 belə Daimi Komitə daxildir. Təhsil üzrə Daimi Komitə təhsil proqramları ilə bağlı ekspert məsləhətləri verməklə yanaşı, qısamüddətli strategiyalar və müvafiq fəaliyyət planlarına rəhbərlik edir. Eləcə də, antidopinq təhsilinin qlobal tənzimlənməsi ilə bağlı uzunmüddətli siyasətə nəzarəti həyata keçirir. Komitə, həmçinin WADA tərəfindən maliyyələşdirilən sosial elmi layihələr sahəsində aparılan araşdırmaların seçim prosesində iştirak edir. Daimi Komitə tərəfindən verilmiş qərarlar birbaşa WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurası tərəfindən baxılması üçün təqdim olunur.

Qeyd edək ki, Ş.Hüseynli, eyni zamanda, WADA-nın milli antidopinq agentlikləri üzrə məşvərət qrupunun üzvü, Avropa Şurasının “İdmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini və Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa komitəsinin gender bərabərliyi məsələləri üzrə rəhbəridir.


Xəbər 807 dəfə oxundu.