Anna Qrbaç: “Azərreyl” əla komandadır - MÜSAHİBƏ
“Azərreyl”in yeni transferi Anna Qrbaç vətəni Xorvatiyada müsahibə verib. İdman.com.az saytının məlumatına görə, 24 yaşlı voleybolçu Azərbaycan klubunu seçməsinə aydınlıq gətirib.

- “Azərreyl”ə keçidiniz necə baş tutdu?
- Mən bu klubla 1 illik müqavilə imzaladım. Onlar mənə zəng edərək, təklif göndərdilər. “Azərreyl” məni heyətində görməkdə çox maraqlı idi.

- Siz dünyanın ən yaxşı voleybolçularından hesab olunursuz. Azərbaycan getməkdə tərəddüd etmədiniz?
- Azərbaycandakı maliyyə şərtlərindən razıyam. Bildiyimə görə, maaşlar gecikmə olmadan ödənilir. Bu klub yeni mövsümdə Çempionlar Liqasında oynayacaq. Son çempionatında 5-ci yeri tutsa da, Avropanın ən elit klublarının yarışdığı turnirə dəvət alıb. Bu da Azərbaycan Super Liqasının gücünü göstərir.

- Digər ölkələrdən də təkliflər almışdınızmı?
- Hər şeyin necə alındığından razıyam. Polşa və Almaniya, həmçinin İtaliya klublarından təkliflərim var idi. Ancaq onlar büdcələrini əhəmiyyətli dərəcədə azaldıblar. Real, cəlbedici təklif gözləyirdim və nəhayət, bununla qarşılaşdım.

- Yeni komandanız barədə nə deyə bilərsiz?
- “Azərreyl” əla komandadır. Növbəti mövsümdə onun heyətində çoxlu səviyyəli voleybolçular çıxış edəcək ki, bu da çox vacibdir. Mən Alessandro Çiappininin rəhbərliyi altında oynayacağımdan da şadam. Onunla uğurlu əməkdaşlığımıza ümid edirəm. Çiappini ilə əvvəl işləməmişəm, ancaq onun haqda ən yaxşı şeyləri eşitmişəm.

- Son 2 ildə Bakı klublarında – “İqtisadçı” və “Lokomotiv”də oynayan həmyerliniz İvana Miloşla əlaqə saxlamısız?
- Bəli, onunla söhbətləşdim. Hər şeyi izah etdim. Əsas məsələ lazımınca məşq edib, özünü göstərməkdir. Əgər sizi bir yerdə nəsə qane etmirsə, sadəcə, orada yeriniz yoxdur.

- Bu yay istirahət etməyə imkanınız olacaq. Yığmanız Olimpiadaya yaxın yığışacaq, klubunuzla isə payızda sınağa çıxacaqsız...
- Super Liqada oyunların noyabrda başlaması gözlənilir. Hazırlıq isə avqustun sonuna yaxın start götürəcək. Bu isə o deməkdir ki, yayda istirahətə çox vaxtım olacaq.

Xəbər 1177 dəfə oxundu.