Azərbaycan Voleybol Federasiyası milli komandada və klublarda çıxış edən oyunçuları xüsusi diqqətdə saxlayır
Azərbaycan Voleybol Federasiyası (AVF) Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan qərarına əsasən Azərbaycan çempionatlarını, ölkədə fəaliyyət göstərən voleybol üzrə bölmələr və klublarda məşqləri dayandırıb. AVF bununla yanaşı, milli komanda və klub oyunçularını da xüsusi diqqətdə saxlayır.

Azsport.az federasiyaya istinadla xəbər verir ki, artıq Azərbaycan Super Liqasında və Yüksək Liqasında oynayan komandaların legionerlərinin təhlükəsizliyi nəzərə alınaraq öz ölkələrinə yola salınıblar.

Uçuşların təxirə salınması səbəbindən “Azərreyl”də çıxış edən seneqallı Mbayang Seck, sloveniyalı Mojca Pene isə hazırda Bakıdadır. Hər iki oyunçuya komanda rəhbərliyi lazımi şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə qayıtmasına kömək göstəriləcəyini bildirib.

Koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi oyunçuları da artıq Vətənə qayıdıblar. “Al Nassr Saudi” klubunda çıxış edən Vüqar Bayramov və Andrey Vasilenko hələ də Bəhreyndədirlər və onlar çempionatın tam sona çatmasını gözləyirlər.

Xəbər 650 dəfə oxundu.