Mattia Binotto : “Azərbaycan Qran-Prisi yanvarda keçirilə bilər”
“Formula-1” təşkilatçıları cari mövsümü xilas etmək üçün müxtəlif variantları nəzərdən keçirirlər.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri “Formula-1” üzrə “Ferrari” komandasının rəhbəri Mattia Binotto deyib. O, bildirib ki, Qran-Prilər üç gündən ikiyə endirilə bilər.

“Əgər Qran-Prilər üç gündən ikiyə endirilsə belə halda cümə məşqləri ləğv ediləcək. İnanıram ki, hamı yanvarda havanın imkan verdiyi yerlərdə yarışların keçirilməsi ilə razılaşacaq. Niyə 2-3 mərhələni yanvarda keçirməyək ki? Çox ideyalar var. Bunların hamısı mövsümü xilas etmək üçündür. Bildiyimiz kimi, koronavirus pandemiyası üzündən 2 mərhələ - Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Daha 6 mərhələ - Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Bakıda keçirilməli olan Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu 6 yarışdan bəziləri, o cümlədən Bakı yanvarda mərhələ qəbul etmək üçün münasib sayılır. Düşünürəm ki Azərbaycan Qran-Prisi yanvarda keçirilə bilər”,- deyə “Ferrari” komandasının rəhbəri əlavə edib.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran Prisi bu il iyunun 5-7-də keçirilməli idi.

Aynurə PƏNAHQIZI

Xəbər 588 dəfə oxundu.