“Görüş yerini dəyişmək olmaz” | |
Olimpiya və paralimpiya oyunlarının vaxtının dəyişilməsi barədə hələ fevral ayının ortalarında yaranmış söz-söhbətlər rəsmi təsdiqini tapıb. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Riçard Paund məsələyə aydınlığın may ayında gətiriləcəyini söyləsə də, Yaponiya hökuməti və MOK rəhbərliyi bu barədə daha tez razılığa gələ biliblər. “Tokio-2020”nin bayrağı nəzərdə tutulduğu kimi, bu il iyulun 23-də deyil, düz bir il sonra qaldırılacaq. Paralimpiya oyunları isə avqustun 24-dən start götürəcək. Bu barədə qərar martın 24-də elan edilib. Məsələnin müzakirəsi zamanı müxtəlif təkliflər irəli sürülüb. Hətta olimpiadanın ləğv edilməsi və ya oyunların tamaşaçılarsız keçirilməsi fikirlərini ortaya atanlar da olub. Yaponiya bunlara qəti etiraz edib. Əlbəttə, təşkilatçıları başa düşmək olar. Axı ölkə hazırlıq tədbirlərinə 12 milyard ABŞ dolları sərf edib. Hazırlıq dövründə görülən işlər duyğuları diqqətə gətirəcək qədər heyrətamizdir. Tokio körfəzində yaradılan süni Xarumi adasında 13 hektar sahəni əhatə edən möhtəşəm Olimpiya kəndində ucaldılan 14-18 mərtəbəli 21 bina, onun ətrafında salınan olimpiya parkı, 1964-cü ildə Yaponiya paytaxtında keçirilən XVIII Yay Olimpiya oyunları üçün tikilən 60 minlik milli stadionun yerində 68 minlik tamaşaçı yeri olan yeni stadion və digər müxtəlif infrastruktur. Dünya şöhrətli memar qadın Zahi Hadidin hazırladığı ilkin layihəyə görə stadion 80 min nəfərlik olmalı idi. Amma ərəb mənşəli britaniyalı memarın layihəsinin icrası 2.2 milyard vəsait tələb edirdi. Tokionun hakimiyyət dairələrini kəskin tənqidlərə məruz qoyan bu layihə uzun mübahisələrdən sonra, məqbul sayılmadı. İkinci layihəni yaponiyalı Kenqo Kuma hazırladı və 1.2 milyardlıq layihə daha münasib hesab edildi. Əlbəttə, belə maliyyə məsrəfindən sonra, Oyunların ləğv edilməsi və ya başqa bir ölkəyə keçirilməsi praktiki olaraq, mümkün deyildi. Digər tərəfdən qısa müddət ərzində belə ağır hazırlıq qayğılarını öz üzərinə götürə biləcək ölkə tapılacaqmı? Deməli, görüş yerini dəyişmək olmazdı. İndiyə kimi olimpiya oyunları ancaq Birinci və İkinci dünya müharibələri zamanı 1916, 1940 və 1944 cü illərdə ləğv edilib. Epidemiya səbəbindən isə oyunlar nə ləğv edilib, nə də təxirə salınaraq, vaxtı dəyişilməyib. Ümumiyyətlə olimpiya hərəkatı 124 illik ömründə xeyli sayda müxtəlif hadisələr, münaqişələr, baykotlar, təxribatlar, terror aktları, diskvalifikasiyalar yaşayıb. Hətta bu hadisələrin 10 ən məşhurlarının siyahısı da var. Bu siyahıda olimpiya medalından imtina etmə, medaldan mərhum olunma, saxta bilet biznesi, idman qurğularındakı partlayışlar, hakim qalmaqalları yer alıb. Olimpiadanın bir il təxirə salınmasını MOK prezidenti Tomas Bax belə qiymətləndirib: “İnsanlıq hazırda qara bir tunelin içərisindədir. Olimpiada bu tunelin sonunda xəfif bir işıq olacaq”. Əksər milli olimpiya komitələri Oyunların vaxtının dəyişilməsi faktını razılıqla qarşılayıblar. Bu, ilk növbədə insanların, idmançıların sağlamlığının qorunması naminə atılan mühüm addımdır. Ə.Fərəcov |
|
Xəbər 843 dəfə oxundu. |
|
|