Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
Rəqibim dünyanın ən güclüsü olsa belə gələcəkdə ona qalib gələcəyimə inanıram

Aydın Süleymanlı 2005-ci ildə Bakı şəhərində anadan olub. Altı yaşından şahmatla məşğul olur. 8 yaşlı şahmatçılar arasında Avropa çempionatında birinci, dünya çempionatında üçüncü yerləri tutub. 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə keçirilən Avropa çempionatında hər iki yarışda qalib olub. 12 yaşlı şahmatçılar arasında Avropa, 14 yaşlılar arasında dünya çempionatlarının, 16 yaşadək şahmatçılar arasında olimpiadanın qalibi olub.

2020-ci ilin ilk ayları şahmatçımız üçün uğurlu olub. O, kişilər arasında keçirilmiş Azərbaycan kubokunda qələbə qazanıb. Daha sonra Moskvada təşkil edilmiş “Aeroflot open” beynəlxalq şahmat festivalının A turnirində birinci yeri tutub.

Aydın Süleymanlı “azsport.az” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.




- Hazırda koronavirus səbəbindən dünyada bütün yarışlar dayandırılıb. Özünüzü necə hiss edirsiniz? Şahmatla məşğul ola bilirsinizmi?

- Çox təəssüflər olsun ki, bu virus səbəbindən demək olar ki, bütün yarışlar təxirə salınıb. Özümü formada hiss edirəm. Yarışların olmaması məni məyus etsə də, ruhdan düşmürəm. Tezliklə hər şeyin düzələcəyinə və həyatın yenidən əvvəlki axarına düşəcəyinə inanıram. Vaxtımın çoxluğundan istifadə edib günün çox hissəsini şahmata həsr edirəm və gələcək yarışlara hazırlaşıram.

- Bu ilin ilk aylarını sizin üçün uğurlu hesab etmək olarmı? Sizcə nəticə 100 faizlidir, yoxsa qane etməyən hansısa məqamlar var?

- Bu il yanvar və fevral aylarında 3 turnirdə iştirak etmişəm. Bu yarışlar Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən Tata Steel Qualifier, Azərbaycan kuboku və Moskvada təşkil edilən “Aeroflot open” turnirləridir. Üç turnirdən ikisində qalib olmuşam. Tata Steel turnirində oyunum məni qane etməsə də, digər iki turnirdə istədiyim oyunu nümayiş etdirə bildim. 2020-ci il mənim üçün çox uğurlu gəldi.

- Mart ayında keçirilməli olan kişilər arasında Azərbaycan çempionatı təxirə salındı. Yaxın aylarda keçirilməsi nəzərdə tutulan yarışda hansı nəticəyə ümid edirsiniz?


- Ümid edirəm ki, “Aeroflot open”də göstərdiyim performansı Azərbaycan çempionatında da göstərə biləcəyəm. Bunun üçün dayanmadan çalışıram.

- Dünyada güclü yarışlardan biri hesab olunan builki "Aeroflot open”də parlaq qələbə qazanmaqla dünyaya səs saldınız. Özünüzü şahmat ulduzu hesab edirsinizmi?

- Dünyada keçirilən ən güclü yarışlara nəzər yetirsək “Aeroflot open” ilk onluga düşəcək bir yarışdır. Düzdür, bu yarışda qalib gəlməyim dünyaya səs saldı. Amma özümü ulduz hesab etmirəm. Çünki ulduz xəstəliyinə tutulmağım şahmat karyerama ancaq ziyan verə bilər.

- Hansı rəqibi daha əlçatmayan hesab edirsiniz və nə üçün?

- Mənim üçün elə bir rəqib yoxdur. Rəqibim dünyanın ən güclüsü olsa belə gələcəkdə ona qalib gələcəyimə inanıram.

- "Aeroflot open"də hindistanlı gənc istedad Rameşbabu Praqnanandha ilə dueli dünya şahmat ictimaiyyəti böyük maraqla izlədi. Oyun ərəfəsində hansı hissləri keçirirdiniz və nəticə sizi qane etdimi?

- Həmyaşıd və hər ikimiz dünya çempionu oldugumuz üçün oyunumuz şahmat ictimaiyyətində böyük maraq doğurdu. Hər ikimiz qələbəyə oynayırdıq. Oyunumuz heç-heçə ilə bitsə də nəticə məni qane etmədi.

- Sizi qələbəyə kökləyən əsas amillər nədir?

- Qələbə əzmi və özümə güvənməyim məni hər zaman qələbəyə kökləyir.

- Dərsləriniz şahmata, şahmat təhsilinizə mane olmur ki?

- Tez-tez beynəlxalq arenalarda, turnirlərdə iştirak etdiyimə görə məktəbə davamlı olaraq gedə bilmirəm. Ancaq buna baxmayaraq əlimdən gələni edirəm ki, sinif yoldaşlarımdan geri qalmayım və proqramı mənimsəyim.

- Hansı fənni daha çox sevirsiniz və niyə?

- Ən çox sevdiyim fənnlər cografiya, riyaziyyat və ingilis dilidir. Mən daim axtarışdayam. Dünyada baş verən coğrafi hadisələr hər zaman diqqətimi cəlb edir.

- Dünyanın ən istedadlı gənclərindən biri hesab olunursunuz. Həyatda amalınız nədir?

- Məqsədim təkcə yeniyetmələr arasında yox, ən güclülər arasında birinci olmaqdır. Mən istəyirəm ki, şahmat tacı nəhayət ki, Azərbaycana gətirilsin.

- Uşaqlığınızı yəqin ki, şahmatla yaşamısınız. Dostlarınız varmı, əgər varsa onlara vaxt ayıra bilirsinizmi?

- Mən uşaqlığımı yaşıdlarım kimi yaşamamışam. Həmyaşıdlarım həyətdə futbol oynayarkən mən evdə şahmat məsələləri həll edirdim. Amma peşiman deyiləm. Həm şahmatçılar, həm sinif yoldaşlarım arasında dostlarım var. Asudə vaxt tapan kimi onlarla görüşürəm.

- Hobbiniz varmı?

- Boş vaxtlarımda mütaliə edirəm. Eyni zamanda, futbol matçlarını izləməyi sevirəm.

- Necə düşünürsünüz, sizi başqalarından fərqləndirən xüsusiyyətlər hansılardır?

- Düşünürəm ki, soyuqqanlı və özümə inamlı olmağım məni başqalarından fərqləndirir.

- Gələcək perspektivlər barədə nə deyə bilərsiniz?

- Daha çox üzərimdə işləyib dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm.

Bəsti SABİRQIZI



Xəbər 1081 dəfə oxundu.