Nazim Babayev: Peşəkar məşq etmək artıq qeyri-mümkündür
Məlum olduğu kimi, COVİD-19 pandemiyası səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunları təxirə salındı. “Tokio 2020” olimpiadasına vəsiqə qazanan idmançılarımızdan biri də atletimiz Nazim Babayevdir. O, bu uğura Fransanın Lievin şəhərində keçirilən atletika üzrə "Meeting Hauts de France pas de Calais" beynəlxalq turnirində üç təkanla tullanma növündə 17,15 metr nəticə göstərməklə nail olub. İdmançımızın azsport.az saytına verdiyi müsahibəsini təqdim edirik:

- Nazim, hazırkı durumla əlaqədar olaraq məşqlərinizi davam etdirə bilirsinizmi?
- Məlumdur ki, koronavirus səbəbindən hər kəs kimi biz də bir sıra problemlərlə üzləşdik. Pandemiyaya görə, peşəkar məşq etmək artıq qeyri-mümkündür. Çünki, stadionlar, məşq və trenajor zalları bağlıdır. Bir müddət parklarda və dəniz qırağında məşq elədik, indi onlara da icazə verilmir. Məşqlərimiz tamamilə dayandırılıb.

- Necə düşünürsünüz bu qədər fasilədən sonra sizdə hansısa geriləmə ola bilərmi?
- Yenidən əvvəlki formada qalmağım üçün təxminən 4-5 ay kifayət edir. İnşallah o vaxta kimi hər şey yaxşı olacaq.

- Bildiyimiz kimi, koronavirus səbəbindən Tokio Yay Olimpiya Oyunları gələn il keçiriləcək. Buna münasibətiniz?
- Təbii ki, Tokio Yay Olimpiya Oyunlarının təxirə salınması bizi kədərləndirdi. Amma Beynəlxalq Olimpiya Komitəsinin bu qərarını müsbət qiymətləndirirəm. Koronavirus idman dünyası üçün bir qədər çətinlik yaratdı, ancaq hər şeydən vacib insanların sağlamlığıdır. Ümid edirəm ki, bütün dünya qısa müddətdə bu virusdan xilas olacaq.

- Bir il az müddət deyil. Bu vaxt ərzində rəqibləriniz daha da güclənə bilər.
- Doğrudur. Əvvəla qeyd edim ki, rəqiblərim güclü idmançılar idi. Onlar arasında amerikalı, portuqaliyalı idmançıların adlarını xüsusi qeyd etmək istəyirəm. Rəqiblərim arasında 2 amerikalı idmançıların yaşı 30-u keçib. Onların gələn il olimpiadada iştirak edib, etməyəcəkləri hələlik məlum deyil. İnanıram ki, koronavirus tez müddətdə bitəcək, yenidən məşqlərimə qayıdacağam. Çalışacağam ki, məşqlər zamanı səhvlərim üzərində ciddi işləyim. Bir ildən sonra olimpiadada uğur əldə etmək niyyətindəyəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

Aynurə PƏNAHQIZI




Xəbər 802 dəfə oxundu.