Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
Bu gün Əməkdar jurnalist, “İdman” qəzetinin müxbiri, idman ictimaiyyəti və idmansevərlər arasında əsasən güləş, cüdo, boks, voleybol növləri ilə əlaqədar yazıları ilə tanınan Əli Fərəcovun 70 yaşı tamam olur. Əli Fərəcov 1950-ci il martın 29-da Bakı şəhərində anadan olub. Orta təhsili Sumqayıt şəhərində, ali təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Ömrünün 25 ilini idman mətbuatına, daha dəqiq desək “İdman” qəzetinə həsr edən bu veteran idman jurnalistinin bu mənalı illərinə nəzər salmaq üçün yubilyarın özünə müraciət etdik.

- Əli müəllim, əvvəlcə sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirik. Bu 70 ilin böyük hissəsini mətbuat aləmində keçirmisiniz. Söhbətimizə elə mətbuata gəlişinizdən başlayaq.

- Çox sağ olun. Mətbuata gəlişim 1978-ci ildən başlayıb. Həmin vaxt Əhaliyə Məişət Xidməti Nazirliyi Layihə-Konstruktor institutunun informasiya şöbəsində tərcüməçi kimi çalışmaqla yanaşı, mətbuatda məqalələrlə çıxış edirdim. İlk yazılarım “Xəzər dənizçisi”, "Bakı" qəzetlərində çap edilib. Eyni zamanda, radionun mədəniyyət redaksiyasında 2-3 veriliş hazırlamışdım. Layihə institutunda şöbə müdiri kimi çalışan Altay Babazadə mənim jurnalistikaya böyük maraq göstərdiyimi bilirdi. Bir gün onun həyat yoldaşı Ədilə Babazadə (o zaman “Bakı metropoliteni” qəzetinin redaktoru idi) mənə yaxınlaşıb, “Bakı metropoliteni” qəzeti müxbirsiz qalıb. Kömək edə bilərsinizmi?", - deyə müraciət etdi. Metroda daha əvvəl 4 il çalışdığım üçün bu sahə mənim üçün doğma idi. Buna görə də böyük həvəslə əməkdaşlığa başladım. Qısa müddətdən sonra - 1979-cu il noyabrın 1-dən isə rəsmi şəkildə “Bakı metropoliteni” (1999-ci ildən “Metro” ) qəzetində işləməyə başladım. Artıq 42 ildir ki, metropolitendəyəm.

- Bu illər ərzində “Metro” qəzetində baş redaktor vəzifəsinə qədər yüksəldiniz. 1990-cı illərdə isə jurnalist fəaliyyətinizdə yeni bir sahəyə qədəm qoydunuz - idmana.

- Bəli. Jurnalist fəaliyyətimin son 25 ili həm də “İdman” qəzeti ilə bağlıdır. Bu qəzetə 1996-cı ildə Atlanta Olimpiadası ərəfəsində gəlmişdim. Oraya da əvvəlcə məni köməyə çağırdılar. Vaqif Əfəndiyev redaktor idi. Onu “Vışka” qəzetindən tanıyırdım. O qəzetdə bir neçə oçerkim dərc olunmuşdu. Ümumiyyətlə, 1994-cü ildən, Aqşin Kazımzadə gedəndən sonra qəzet çıxmırdı. Biz qəzeti canlandırdıq. O vaxt "Məhsul" idman cəmiyyətində İbadulla Həsənovun yubileyi idi. Qəzeti ona aparanda gözləri yaşararaq soruşdu ki, "İdman" çıxır? Dedim, “bəli, çıxır". Çox sevindi. Beləcə, 1996-cı ilin avqustundan “Metro” ilə yanaşı, "İdman" qəzetində də çalışıram.

- “İdman” qəzetindəki 25 illik fəaliyyət sizə nə verdi?

- Birincisi, “İdman” qəzeti mənə böyük mətbuata, geniş oxucu kütləsinə çıxmaq imkanı verdi. Bu qəzetdəki fəaliyyətim də dövlət tərəfindən yüksək qiymətləndirildi. 2009-cu ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə mənə Əməkdar jurnalist adı verildi.

- Əli müəllim, siz oxucular arasında daha çox güləşlə bağlı yazılarınızla tanınırsınız. Sizin vaxtilə güləşlə məşğul olmağınız bu sahəyə meyillənməyinizə nə dərəcədə təsir göstərib və bu təcrübəniz yazılarınızda sizə nə qədər faydalı olub?

- Məktəbdə oxuduğum dövrdə güləşlə məşğul olmuşam. Qolum zədələndikdən sonra daha məşqlərə qayıtmadım. Ancaq indi də, bu yaşımda güləş döşəyi görəndə güləşməyə həvəslənirəm. Elə güləşə olan sevgimdən bu sahədə daha çox yazıram. Əlbəttə ki, məşqlərdən öyrəndiklərim, yazılarımda da faydalı oldu. Çünki bu sahəni öz təcrübəm əsasında daha dərindən bilirdim. İndi isə hər şey dəyişib. Əvvəl güləşə döşəyin dibində oturub baxardıq. İndi isə kiməsə yaxınlaşmaq üçün gərək mətbuat xidmətindən icazə alasan. Deyəndə ki, filan idmançıya sualım var, deyirlər ki, nə sualın var mənə ver. Belə şəraitdə işləmək də maraqsız olub.

- Sizin idman veteranları ilə bağlı yazılarınız da oxucularda həmişə böyük maraq doğurub.

- Veteranlarla bağlı yazılarımda mənə Azərbaycan İdman Veteranları İttifaqının sədri Əbdül Sadıqovun böyük dəstəyi olub. Hansı veteranın nə vaxt yubileyi olmasını o mənə bildirirdi. Özüm də həm bu ittifaqın, həm də güləş veteranları ittifaqının üzvü olmuşam. Veteranlar barədə çox məqalə yazmışam. İndi istəyirəm o yazıları bir yerə toplayıb kitab şəklində çap etdirim.

- İdman mətbuatında 25 illik fəaliyyətinizdə ən yaddaqalan məqam hansı olub?

- Ən yadda qalan məqamlardan biri Rusiya Prezidenti Vladimir Putinin məşqçisi Anatoli Raxlindən müsahibə götürməyimdir. Həmin müsahibəni 2008-ci ildə Bakıda götürmüşəm.

- Təcrübəli bir idman jurnalisti kimi gənc həmkarlarınıza nə demək istərdiniz?

- İndiki cavanlarda belə bir tendensiya var. Həmişə haradasa nəsə neqativ axtarırlar. Doğrudur, problem varsa, onu qaldırmaq, diqqəti belə məsələlərə yönəltmək lazımdır ki, problem həll edilsin. Bir də var ki, özün bilə-bilə ancaq neqativ axtarırsan. Pozitiv heç nəyi görmək istəmirlər. Bununla da özlərinə piar yaradırlar. Mən demirəm ki, tənqid olmasın. Tənqid olmalıdır. Ancaq bu tənqid inkişaf üçün, yaxşı məqsədləri düşünərək edilməlidir. Bu məsələ tək idman mətbuatına aid deyil. Düzü düz, əyrini əyri yazmağın tərəfdarıyam. Lakin düzə göz yumub, ancaq əyrini işıqlandırmağın və bundan ləzzət almağın tərəfdarı deyiləm.

Söhbəti apardı: Vüqar İnqilaboğlu



Xəbər 1230 dəfə oxundu.