Avro-2012: Poştiqa seçilmişlər sırasında
Danimarka yığması ilə matçda fərqlənən Portuqaliya millisinin forvardı Elder Poştiqa bununla adını tarixə yazdıraraq seçilmişlərdən biri oldu. O, bir qədər öncə fərqlənmiş isveçli Zlatan İbrahimoviçlə bahəm fərqli illərdə 3 müxtəlif Avropa çempionatında qol vurmuş futbolçular sırasına düşdü. Bundan öncə belə uğuru yalnız 4 futbolçu qazanmışdı.

İdman.com.az saytı xəbər verir ki, Poştiqa 2004-cü ildə 21 yaşında ikən 2004-cü il Avropa çempionatında pley-off mərhələsinin ilk oyununda ingilislərlə qarşılaşmada əvəzə çıxaraq baş zərbəsi ilə hesaba bərabərlik gətirmişdi. 4 il sonra o yenə əvəzə çıxarkən fərqləndi. Özü də yenə çempionatın eyni mərhələsində. Ancaq onun qolu komandasını almanlara məğlubiyyətdən qurtarmadı.
Budəfəki turnirdə «Saraqosa»nın 29 yaşlı forvardı danimarkalılarla oyunda Naninin ötürməsini topu qapının yaxın küncünə göndərməklə adını tarixə saldı.

İbrahimoviçə gəldikdə, o da qitə çempionatları final mərhələlərində öz qol hesabını elə Poştiqa ilə eyni ildə – 2004-də açıb. Qrup mərhələsində bolqarlar üzərində 5:0-lıq inamlı qələbədə onun da imzası oldu. Elə həmin turnirdə İbrahimoviç italiyalıların qapısına məşhur daban qolunu da vurmuşdu. Avro-2008-də isveçlilərin hazırkı kapitanı hədəfi yunanlarla oyunda dəqiq nişan aldı. Daha sonra ispanlara 1:2 yenildikləri oyunda komandasının yeganə qolunun müəllifi oldu. Eyni aqibətə onun budəfəki çempionatda ukraynalıların qapısından keçirdiyi qol da düçar oldu.
Bundan öncə 3 fərqli qitə çempionatında qol vurmuş futbolçular isə aşağıdakılardı:

Yurgen Klinsmann (Almaniya)
1988 Danimarkaya qarşı
1992 Niderland
1996 Rusiya (2), Xorvatiya.

Vladimir Şmiser (Çex Resp)
1996 Rusya
2000 Danimarka (2)
2004 Niderland

Nunu Qomeş (Portuqaliya)
2000 İngiltərə, Türkiyə (2), Fransa
2004 İspaniya
2008 Almaniya

Tyerri Anri (Fransa)
2000 Danimarka, Çex Resp, Portuqaliya
2004 İsveçrə (2)
2008 Niderland

Xəbər 1194 dəfə oxundu.