“Tokio-2020” Yay Olimpiya Oyunlarının yeni tarixi yaxın günlərdə bəlli olacaq
Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ildə keçirilmə tarixi yaxın günlərdə müəyyənləşəcək.

Azsport.az saytı xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Tokio-2020” Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Toşiro Muto bildirib.

O, açıqlamasında yarışların iyul-sentyabr aylarında keçirilməsinin planlaşdırıldığını deyib: ”İnanıram ki, gələn həftə aparılacaq müzakirələrdən sonra “Tokio 2020” Yay Olimpiya Oyunlarının yeni tarixi bəlli olacaq. Yaponiyada yarışlar iyul-sentyabr aylarında keçirilə bilər. Təbii ki, bu da əvvəlcədən planlaşdırılmış yarışlara təsir edəcək. Amma bütün bunlar diqqətdə saxlanılacaq. Tokio olimpiadası tennis üzrə iyulun ortalarında başa çatacaq Uimbldon və avqustun sonlarında başlanacaq US Open arasındakı dövrdə təşkil oluna bilər”.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan “Tokio-2020” koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.


Xəbər 674 dəfə oxundu.