Jurnalistin Tokio dublu
Karyerası ərzində bir neçə olimpiadanı işıqlandırmaq idman jurnalisti üçün böyük şərəfdir. Əfsanəvi Nikolay Ozerov 15 olimpiya oyunlarının şərhçisi olub. Təkcə idman deyil, ümumilikdə Azərbaycan jurnalistikasının fəxri, təkrarolunmaz qələm ustası Aqşin Kazımzadə 4 olimpiya məkanından birbaşa reportajlar hazırlayıb. Belə baxanda idman mövzusunda yazan jurnalistlər üçün bu adi bir hal kimi qəbul olunmalıdır. Xüsusən də bir şəhərdə yarım əsirdən artıq vaxt fasiləsində keçirilən iki olimpiadanı işıqlandırmaq imkanından söhbət gedirsə.

Dörd aydan sonra “Tokio-2020”-də bu imkanın gerçəkləşməsinin şahidi ola bilərdik. Təəssüf ki, zamanın hökmünü ələ alan korona virusu bizi daha bir il gözləməyə məcbur etdi.

56 il əvvəl Tokioda keçirilən XVIII Yay Yay Olimpiya oyunlarını Yaponiya mətbuatında işıqlandıran 90 yaşlı Masayuki Miyazava özünü builiki olimpiadanı işıqlandıracaq jurnailstlər ordusunun sırasında görür.

“Tokio-1964”-dən “Nikkan Sports daily” jurnalı üçün reportajlar hazırlayan Masayuki Miyazava həm də yapon güləşinin veteranıdır. Sonrakı illərdə Yaponiya ictimaiyyəti onu ölkənin təkcə idman mətbuatının sıravi əsgəri kimi deyil, həm də jurnalın redaktoru, Yaponiya Güləş Federasiyasının rəsmi nümayəndəsi, yazıçı kimi də tanıyıb. Bu gün federasiyada məsləhətçi kimi çalışan Miyazava idman yarışlarında öz köhnə həmkarları arasında oturur, “mən ömürlük jurnalistəm” deyir. Yaşının bu vaxtında ikinci Tokio Olimpiadasında müxbir kimi iştirak etmək fikri onda “Ginnesin rekordlar kitabı”na düşmək istəyindən doğur. Uzun müddətdir ki, bu arzu ilə yaşayır. İndi Masayuki Miyazavaya Tokio dublunu etmək üçün ancaq ömürdən vəfa lazımdır.


Xəbər 642 dəfə oxundu.