«Qalatasaray»ın prezidentindən transfer şərhi
«Qalatasaray»ın prezidenti Ünal Aysal mətbuat nümayəndələri ilə görüşdə transfer məsələlərinə daha çox toxunub. İdman.com.az saytının məlumatına görə, bir neçə gün öncə komandasını Avropanın ən güclüləri sırasında görmək istədiyini açıqlamış Aysal, indi iyunun 25-dək reallaşdırmağa çalışacaqları transferlərlə orta yaşı aşağı, dinamik bir komanda görmək istədiyni söyləyib.

Ulduz transferlərlə bağlı sualın cavabında klub rəhbəri deyib: «Ulduz transferlərimiz olacaq. Bu qaçılmazdı. Hər komandanın ulduzları olar. Bizim komandada ulduzlar var, amma başqa ulduzları da almaq məcburiyyətindəyik. Keçənilkindən fərqli olaraq, bu il 3 cəbhədə oynayacağıq və onların hamısı üçün də kifayət qədər gücümüzü, enerjimizi hazır tutmalıyıq. Komandada keyfiyyətli oyunçuların sayını artırmaq lazımdır».

Transfer işlərində bu il məxfiliyin saxlanılmasını Aysal belə izah edib: «Keçən il hansı oyunçunun adını çəkirdik, 3-4 komanda arxamızdan gəlirdi. Lazımsız yerə qiymətləri artırdı. Oyunçunu itirir, hədəflərdən uzaqlaşırdıq. Bütün bunları hazırkı transfer siyasətimizdə nəzərə almışıq».
«Trabzonspordan» ayrılması gözlənilən Burak Yılmaz və «Kayserispor»dakı gələcəyi maraq mövzusu olan Amrabatla əlaqədar yönəldilən suallara Aysalın cavabı bu olub: «Qol kralı olmuş bir forvarda bütün komandaların talib olması lazımdı. O cümlədən «Qalatasaray»ın da. İnkar etməyin yeri yoxdu. Ancaq «Trabzonspor»un vermədiyi, ən azından «Qalatasaray»a vermək istəmədiyi bir oyunçuya talib olmaq bizim üçün çətindi. Rədd edilməyi sevmirik, «Qalatasaray»a rədd edilmək yaraşmaz. Amrabat üçün də heç bir cəhdimiz olmayıb. «Kayserispor»un satmaq istəmədiyi bir oyunçuya talib olmaram. Satmaq istəyərlərsə, onda baxarıq. Yaxşı oyunçudu və «Qalatasaray»a da uyğun gələ bilər».

«Qalatasaray» rəhbəri transfer gündəmindəki Dieqo Milito və Demba Ba ilə bağlı «İkisi də çox yaxşı oyunçudu. Amma Militonun bir az yaşı çox görünür. Texniki heyətlərimiz bunu araşdırar. Onlardan mənə bir təklif gələrsə müsbət qiymətləndirərəm. Amma bu günə qədər hər iki oyunçu üçün də texniki qrupumuzdan bir istək gəlmədi» - deyib.

Xəbər 1007 dəfə oxundu.