Nataliya Mustafayeva mübarizəyə başlayır
İyunun 15-də Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. İdman.com.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edəcək.

Mustafayeva qadınlar arasında 1-nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. 27 yaşlı avarçəkənimiz daha 23 ölkə təmsilçisinə qarşı mübarizə aparacaq. Onlar yarışın ilk günündə 4 yarımqrupda seçmə və təsəlli yürüşlərində çıxış edəcəklər. Ertəsi gün yarımfinal, iyunun 17-də isə final yürüşləri olacaq.

Qeyd edək ki, London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış akademik avarçəkənimiz Nataliya Mustafayeva Dünya Kubokunun ilk 2 mərhələsində də mübarizə aparıb. O, I mərhələdə bürünc medal qazanıb, II mərhələdə isə 4-cü yeri tutub.

Xəbər 1222 dəfə oxundu.