Yekaterinburqda iddiaçılar turnirinin üçüncü turunda Liren Dinq ilk xalını qazanıb
Martın 19-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçirilib.

Səkkiz şahmatçının mübarizə apardığı turnirin üçüncü turunda amerikalı Fabiano Karuana çinli Liren Dinqə məğlub olub.

Bununla L.Dinq turnirdə ilk xalını qazanıb. Qeyd edək ki, çinli şahmatçı ötən turlarda məğlubiyyətə uğrayıb. Turnirin digər iştirakçıları - fransalı Maksim Vaşe-Laqrav Niderland təmsilçisi Aniş Giri, rusiyalı Aleksandr Qrişuk Hao Yanq (Çin) və Rusiya təmsilçisi Kiril Alekseyenko həmvətəni Yan Nepomnyaşi ilə heç-heçə ediblər.

Üç turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşi 2, A.Qrişuk, F.Karuana 1,5, K.Alekseyenko, A.Giri, L.Dinq 1 xal toplayıblar.

On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.
Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.

Xəbər 79 dəfə oxundu.